Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev FİFA-nın Yozef Sepp Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Prezident sarayında Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti Yozef Sepp Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı İlham Əliyev FİFA prezidentinin onun dəvətini qəbul edib, gərgin işinə baxmayaraq, vaxt tapıb Azərbaycana səfərə gəlməsini yüksək qiymətləndirdi.
Azərbaycan futbolunun inkişafında cənab Blatterin xidmətlərini xüsusi qeyd edən prezident İlham Əliyev ölkəmizlə FİFA arasında əməkdaşlığın gündən-günə inkişaf etdiyini nəzərə çarpdırdı. Azərbaycanda idmanın inkişafından bəhs edən dövlətimizin başçısı bu prosesin sürətlə getdiyini vurğuladı, idmançılarımızın beynəlxalq yarışlarda yeni-yeni uğurlar qazandığını diqqətə çatdırdı.
Azərbaycan Respublikasının Prezidenti həm də Olimpiya Komitəsinə rəhbərlik etdiyini vurğulayaraq dedi ki, ölkəmizdə idmanın inkişafı prioritet məsələlərdən biridir və futbol sahəsində də irəliləyişlərin əldə edilməsi üçün böyük səylər göstərilir. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, idmanın ən mühüm sahələrindən biri olan futbol gələcəkdə Azərbaycanda daha da inkişaf etdiriləcəkdir.
Prezident İlham Əliyev Azərbaycan futbolunun inkişafında və onun beynəlxalq əlaqələrinin genişləndirilməsindəki xidmətlərinə görə cənab Yozef Sepp Blatterin “Şöhrət” ordeni ilə təltif olunması barədə Sərəncam imzaladığını bildirərək, həmin yüksək mükafatı ona təqdim etdi.
Səmimi sözlərə və yüksək mükafata görə minnətdarlığını bildirən qonaq, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıya səfər etmək barədə dəvətini böyük məmnunluqla qarşıladığını söylədi. O dedi ki, işinin çox gərgin olmasına baxmayaraq, bu dəvəti qəbul edərək, Bakıya gəlməyi özünə borc bilmişdir. Qonaq Bakıda keçirdiyi görüşlərindən çox məmnun qaldığını söylədi, Azərbaycan Prezidenti İlham Əliyevin onu “Şöhrət” ordeni ilə təltif etməsindən böyük şərəf duyduğunu bildirdi.
Cənab Yozef Sepp Blatter Azərbaycan Prezidenti İlham Əliyevə FİFA-nın 100 illiyinə həsr olunmuş xatirə medalı təqdim etdi.

13 oktyabr 2004-cü il

Xəbər 920 dəfə oxundu.