UEFA məmurları Sofiyada toplanırlar
Martın 28-də UEFA İcraiyyə Komitəsi Sofiyada növbəti toplantısına yığışacaq. İdman.com.az saytı xəbər verir ki, bu dəfə gündəlikdə olan məsələlər Avro-2020-yə ərizələr və hakimlər konvesiyası olacaq. Məlum olduğu kimi dekabrda qəbul edilmiş qərara görə, 2020-ci ildə Avropa çempionatı bütün qitə boyu 13 ölkədə keçiriləcək. UEFA-nın İcraiyyə Komitəsinin yanvarda Nyondakı toplantısında ərizənin verilməsinin əsas şərtləri və müddəti müəyyənləşmişdi. Final mərhələsinin oyunları 13 paketə paylanacaq. Onlardan 12-nə 3 qrup oyunu və bir pley-off (səkkizdəbir və dörddəbir final) matçı, 13-cüyə isə iki yarımfinal və final daxil olacaq.

Özü də hər bir ölkədə oyunlar paketə daxil bütün oyunları qəbul edəcək tək stadionda keçiriləcək. Belə halda hər iki yarımfinal və final da eyni stadiona düşür. Hər bir assosiasiya iki ərizə verə bilər: biri standart paketlə, digər yarımfinal və finala bağlı. Ayrı-ayrı assosiasiyaların ərizəsini bir və ya iki şəhər təmsil edə bilər. Ərizəyə stadionların layihələrini də təqdim etmək olar. Lakin onların inşası 2016-cı ilədək tamamlanmalıdı. Qoyulan vaxtlarda öhdəliyə götürülən işlərin tamamlanmaması halında UEFA ərizə ilə bağlı qərarına yenidən baxa bilər. Yanvar toplantısında İcraiyyə Komitəsi ərizə verilməsi müddətləri ilə bağlı müəyyənliyə gəlib:

* 2013-cü ilin apreli: tələblərin dərci və ərizə verilməsinə başlanması;
* 2013-cü ilin sentyabrı: namizədlərin ərizələrini formal təsdiqləməsi;
2014-cü ilin aprel-may ayları: namizədlərin iştirak kitabını təqdim etməsi və ərizələrin dəyərləndirilməsinə başlanması;
2014-cü ilin sentyabrı: təşkilatçı şəhərlərin UEFA İcraiyyə Komitəsi tərəfindən müəyyənləşdirilməsi.
Avro-2020 ilə bağlı gündəlikdə UEFA Hakimlər kovensiyasının yeni üzvlərinin təsdiqi də olacaq. Bunun məqsədi hakimlərin təhsil səviyyəsinin artırılması, referilərin rollarının populyarlaşdırılması, eləcə də bütün Avropa boyu hakimlik infrastrukturunun yaxşılaşdırılmasıdı. İcraiyyə Komitəsi həmçinin aşağıdakı turnirlərin formatlarını təsdiqləməlidir:

2013-2014-cü illər UEFA Çempionlar Liqası;
2013-2014-cü illər UEFA Avropa Liqası;
2013-cü il UEFA Superkuboku;
2013-2014-cü illər UEFA qadınlar arasında Çempionlar Lİqası;
2013-2014-cü illər UEFA yeniyetmələr liqası;
2013-2014-cü illər UEFA futzal kuboku.
UEFA-nın İcraiyyə Komitəsinin toplantısı yerli vaxtla saat 9:00-da başlanacaq və onun yekununda UEFA prezidenti Mişel Platininin və baş katibi Canni İnfantinonun iştirakı ilə mətbuat konfransı keçiriləcək. Qurumun növbəti toplantısı isə bu il mayın 22-23-də Londonda olacaq və ayın 24-də Britaniya paytaxtında UEFA-nın XXXVII Konqresi baş tutacaq.

Xəbər 1132 dəfə oxundu.