Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Güləş Federasiyasının rəhbərlərini, Avropa çempionatlarında medal qazanan idmançıları və onların məşqçilərini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev iyulun 15-də MOK-un binasında Güləş Federasiyasının rəhbərlərini, Avropa çempionatlarında cüdo, yunan-Roma güləşi və sərbəst güləş üzrə medal qazanan idmançıları və onların məşqçilərini qəbul etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev idmançıları və məşqçiləri qazandıqları uğurlara görə təbrik edərək dedi ki, idmançılarımız beynəlxalq yarışlarda yaxşı çıxış edirlər, gözəl nəticələr göstərirlər və Azərbaycan idmanı güclənir. Çox şadam ki, Olimpiya oyunlarından sonra qələbə silsiləsi davam edir. Bu onu göstərir ki, artıq idmanın inkişafı öz yüksək zirvəsini tapıbdır. Bizim idmançılarımız təkcə Olimpiya oyunlarında deyil, müxtəlif yarışlarda da yüksək nəticə göstərirlər.
Yunan-Roma güləşi üzrə 2005-ci ildə keçirilmiş Avropa çempionatında Vitali Rəhimov çempion olmuş, birinci yeri tutmuşdur. Elman Əsgərov sərbəst güləş üzrə ikinci yeri tutmuş, gümüş mükafatçı olmuşdur. Vitali Afina Olimpiadasında iştirak etmişdir. Elman da həmin yarışların iştirakçısı olmuşdur. Elman 2002-ci ildə Avropa çempionatında ikinci yeri tutmuşdur. Çox yaxşı nəticələrdir. Avropa çempionu olmaq böyük nailiyyətdir.
Ümumiyyətlə, yunan-Roma güləşində uğurlar göz qabağındadır. Əlbəttə, burada federasiyanın da, məşqçilərin də rolu çox yüksəkdir. Çünki bizdə hər dəfə Olimpiya çempionu olur. Vitali də Avropa çempionu oldu.
Sərbəst güləş üzrə Avropa çempionatında ikinci yeri tutmaq böyük nailiyyətdir. Ona görə mən bu münasibətlə sizi - federasiyanın rəhbərliyini, idmançıları, məşqçiləri təbrik edirəm. Düzdür, sərbəst güləş üzrə idmançılarımız, güləşçilərimiz Olimpiya oyunlarında ümidlərimizi doğrultmadılar. Bu idmandır, olur. Əsas odur ki, gənc nəsil yetişsin. Artıq Azərbaycan idmanı dünyada özünə yüksək yer tapıbdır. Bizim idmançılarımızı indi tanıyırlar, hesablaşırlar. Həm idmançılar güclüdür, həm də, ümumiyyətlə, idman infrastrukturu yaranır, ölkəmizdə beynəlxalq yarışlar keçirilir.
2007-ci ildə Bakıda bütün güləş növləri üzrə dünya çempionatı keçiriləcəkdir. Bu göstərir ki, artıq bizim imkanlarımızı beynəlxalq qurumlar da bilir. Burada nə qədər çempionatlar keçirilibdir. Avropa çempionatı, başqa idman növləri üzrə yarışlar keçirilmişdir. Azərbaycan bölgədə idmanın mərkəzinə çevrilibdir. Olimpiya oyunlarına hazırlıq mərhələsində təsnifat turnirləri burada keçirilmişdir. Biz bilirik ki, dövlətlər dünya çempionatlarını ölkələrində keçirmək üçün nə qədər səylər göstərmişlər. Bilirəm, çox güclü rəqiblər var idi. Amma Abbas Abbasovun inadkarlığı imkan vermədi ki, bu çempionat başqa yerdə keçirilsin.
Güləş federasiyasının prezidenti Abbas Abbasov, vaxt ayırıb onları qəbul etdiyinə, idmançıların, məşqçilərin əməyinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına təşəkkür etdi, Albaniyanın paytaxtı Tiranada Azərbaycan güləşçilərinin Avropa üzrə komanda yarışlarında 3-cü yerə çıxaraq 4 gümüş, 1 bürünc medal qazandıqlarını, Litvanın paytaxtı Vilnüsdə keçirilmiş dünya birinciliyində isə iki güləşçimizin gənclər arasında bürünc medallara layiq görüldüyünü diqqətə çatdırdı. O, bütün idman federasiyalarına göstərilən qayğıdan razılıqla söz açdı, Azərbaycanın idman sahəsində dünyada inkişaf etmiş ölkələr sırasında olduğunu söylədi və dedi ki, cənab prezident, dünyada Azərbaycana göstərilən hörmət Sizin idmançılara göstərdiyiniz yüksək diqqət və qayğının nəticəsidir. İdmançılar özlərini ürəkli və məsuliyyətli hiss edirlər.
İyulun 22-24-də Azərbaycanda sərbəst güləş üzrə respublika birinciliyi keçiriləcək və bu yarışda ölkəmizin dünyada tanınmış idmançıları da iştirak edəcəklər. Biz Sizi əmin edirik ki, göstərdiyiniz yüksək qayğıya qələbələrlə cavab verəcəyik.
Güləş federasiyasının prezidenti 2007-ci ildə Azərbaycanda bütün güləş növləri üzrə keçiriləcək dünya birinciliyinə hazırlıq işləri barədə respublikamızın rəhbərinə məlumat verərək dedi ki, bu il avqustun əvvəllərində Beynəlalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti Azərbaycana gəlmək istəyir və biz bu məsələləri müzakirə edəcəyik.
Prezident İlham Əliyev əminliklə bildirdi ki, idmançılarımız gələcəkdə yeni yüksək nəticələr göstərəcəklər. Bunun üçün bütün şərait, imkanlar var. Ölkədə hər bir sahə, o cümlədən idman inkişaf edir. İdmana bundan sonra da diqqət göstəriləcəkdir. Bu, artıq Azərbaycanda ənənədir. Bu, idmançıların fəaliyyəti, çıxışları üçün, eyni zamanda ölkəmizi dünyada daha yüksək səviyyədə təmsil etmək üçün çox vacibdir. Hər dəfə qələbə qazanılanda iftixar hissi keçiririk. Çünki bu, Azərbaycanın qələbəsidir, idmançının qələbəsidir, eyni zamanda ölkənin şərəfidir. Biz gərək bu liderliyi əldən verməyək. Bu gün Azərbaycan bütün idman növləri üzrə yüksək səviyyədədir.
Komanda idman növləri Azərbaycanda 5-6 il bundan əvvəl, demək olar ki, yox idi. Amma indi baxın, voleybol, basketbol, otüstü hokkey komandalarımız böyük uğurlar qazanırlar. Düzdür, futbolda hələ ki, biz istədiyimizə nail ola bilməmişik. Amma ona vaxt lazımdır. Gərək bu sahədə uşaqlar, yeniyetmələr yetişsin. Biz futbola da diqqət göstərəcəyik. Düzdür, mənim indi o qədər də vaxtım olmur ki, bu məsələlərlə gündəlik məşğul olum. Amma yenə də diqqətdə saxlayıram, Milli Olimpiya Komitəsi, nazirlik tərəfindən mənə məlumat verilir. İdmançılar mənim dəstəyimə həmişə arxalana bilərlər. Sizi bir daha təbrik edirəm.
Azərbaycan Prezidenti İlham Əliyev idmançılarla səmimi görüşdü, uğurlar arzuladı. Dövlətimizin başçısının adından idmançılara və məşqçilərə hədiyyələr təqdim olundu.

15 iyul 2005-ci il

Xəbər 1107 dəfə oxundu.