Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Ölkələrinin Birinci Həmrəylik Oyunlarında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev iyulun 15-də MOK-un binasında karate, taekvondo, ağır atletika, qılıncoynatma üzrə federasiyaların rəhbərlərini, İslam Ölkələrinin Birinci Həmrəylik Oyunlarında bu idman növlərində medal qazanmış idmançıları və onların məşqçilərini qəbul etmişdir.
Dövlətimizin başçısı onları salamlayaraq dedi ki, idmançılarımız ölkəmizi müxtəlif yarışlarda çox ləyaqətlə təmsil edirlər. Azərbaycan idmançıları olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, müxtəlif beynəlxalq yarışlarda və nəhayət, İslam Ölkələrinin Birinci Həmrəylik Oyunlarında da çox gözəl nəticələr göstərmişlər. İlk dəfə keçirilən bu Oyunlarda 60-a yaxın ölkə təmsil olunurdu və ümumi hesabda Azərbaycan 9-cu yeri tuta bildi. Bu, böyük nəticədir, böyük nailiyyətdir.
Çox sevindirici hal ondan ibarətdir ki, idmanın müxtəlif növlərində medallar qazanıldı. Ceyhun Ağasıyev karate üzrə çempion oldu, qızıl medal qazandı. Rəşad Hüseynov, Yusif Cəfərov gümüş medal, Babək İsgəndərov taekvondo üzrə bürünc, Rəfael Ağayev karate üzrə bürünc, Əlibəy Səmədov və Nizami Paşayev ağır atletika üzrə bürünc medal qazandılar. Qılıncoynatma üzrə isə Azərbaycan komanda hesabında üçüncü yeri tutmuşdur. Bu, çox gözəl nəticədir və onu göstərir ki, Azərbaycanda idman hərtərəfli inkişaf edir. Əvvəllər bizdə ənənəvi olaraq bir ya iki idman növü məşhur idisə, indi idmanın digər növləri də çox geniş yayılıbdır. Mən bu gün basketbolçularla da görüşəcəyəm. Onların komandası birinci yeri tutmuşdur.
Mən sizin hamınızı ürəkdən təbrik edirəm. Çox mötəbər yarışda Azərbaycanı ləyaqətlə təmsil etmisiniz və gözəl nəticələr göstərmisiniz. Bu, islam ölkələri arasında bir növ olimpiya oyunları sayılan bir tədbirdir, dörd ildən bir keçiriləcəkdir. Yaxşı ki, bizim idmançılarımız ölkəmizi gözəl təmsil ediblər.
Gənc nəsil yetişir. Bu, çox müsbət haldır. Bu, onu göstərir ki, idmanda inkişaf var. Əgər gənclər olmasa, gənc nəsil, yeniyetmələr, uşaqlar məşğul olmasa, idmançı haradan yetişə bilər? Bizim kifayət qədər yerli potensialımız var. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Elə ölkələr var ki, kənardan idmançı gətirir, bəzi hallarda onların adını dəyişir, yaxud onlara vətəndaşlıq verirlər. Bəlkə də bu, hansısa ölkə üçün müəyyən mərhələdə lazımdır. Misal üçün, indi komanda idman növlərində bizim klublar xarici idmançıları cəlb edirlər. Bu, müsbət haldır, o mənada ki, yaxşı idmançılar həm də komandaya kömək edirlər. Amma, eyni zamanda, yerli gənc idmançı nəsli yetişməsə, ölkə idmanının inkişafı çətinliklə üzləşəcəkdir. Odur ki, mən bu məsələlərə daim diqqət göstərirəm. Baxmayaraq ki, indi mənim işlərim çoxdur, amma çalışıram ki, bütün problemlər, məsələlər öz həllini tapsın. Mən həmişə idmançılarla birlikdəyəm, sizə dəstəyəm və bundan sonra da sizi dəstəkləyəcəyəm.
Bir neçə dövlətdə ölkənin prezidenti eyni zamanda Olimpiya Komitəsinin prezidentidir. Belə hallar var. Amma fərq bundadır ki, onlar ölkə prezidenti seçiləndən sonra Olimpiya Komitəsinin rəhbəri olublar. Mən isə dövlət başçısı seçilməzdən əvvəl bu sahəyə rəhbərlik etmişəm. Ona görə bu iş mənim üçün çox əzizdir, doğmadır. Bütün idmançıların çıxışlarını, beynəlxalq yarışları imkan daxilində izləyirəm. Azərbaycanda da çoxlu tədbirlər keçirilir. Mən güləşçilərlə görüşdüm. Bakıda güləş üzrə dünya çempionatı keçiriləcəkdir.
Bu da mühümdür ki, indi burada iştirak edən idmançılar həm olimpiya, həm də qeyri-olimpiya növlərini təmsil edirlər. Bu, bir daha onu göstərir ki, idmanın bütün növlərinin inkişafına qayğı bizim başlıca məqsədimizdir. Düzdür, Olimpiya Komitəsi olimpiya idman növlərinin inkişafı ilə daha çox məşğul olmalıdır. Amma biz heç bir fərq qoymuruq. Misal üçün, karate qeyri-olimpiya idman növüdür. Bu, bizdən asılı deyil, Beynəlxalq Olimpiya Komitəsinin məsələsidir. Amma bu bizim üçün əsas olmamalıdır ki, karateyə daha az diqqət göstərək, ağır atletika, yaxud taekvondoya daha çox diqqət göstərək. Bütün idman növlərinə eyni diqqət göstərilir və göstəriləcəkdir.
Sizi bir daha təbrik edirəm. Siz Azərbaycanı yaxşı təmsil etmisiniz. Ümid edirəm ki, gələcəkdə də yaxşı nəticələr göstərəcək, dövlətimizin bayrağını daha ucalara qaldıracaqsınız.
Qılıncoynatma federasiyasının vitse-prezidenti, yığma komandanın baş məşqçisi Yaşar Məmmədov iyulun 20-27-də Tehranda qadın qılıncoynadanların çempionatında idmançılarımızın qızıl medal qazanacağına söz verdi və dövlətimizin başçısına xatirə hədiyyələri təqdim etdi.
Karate federasiyasının prezidenti, məşqçi Yaşar Bəşirov dünyada yeganə 10-cu dan “qara kəmər” sahibi Hirokazu Kanazava tərəfindən Azərbaycan Prezidentinin fəaliyyətinə verilən yüksək qiymətin, son illər qazanılan nailiyyətlərə görə idmançılara göstərilən qayğının təsdiqi olaraq, onun xüsusi hədiyyəsini dövlətimizin başçısına təqdim etdi.
Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, federasiyanın vitse-prezidenti, məşqçi Füzuli Musayev, karate-do üzrə baş məşqçi Hidayət Şabanov idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edərək dedilər ki, cənab prezident, Siz ölkəmizdə idmanın əsasını möhkəm təməl üzərində qurmusunuz. Çox ölkələrin prezidentləri Afina Olimpiya Oyunlarını bilavasitə yerində izləmədilər. Amma Siz bütün hadisələri idmançılarımızla birlikdə yaşadınız, onların qələbələrinə sevindiniz. Siz ölkəmizə prezident seçiləndən sonra taekvondo federasiyasında, digər idman təşkilatlarında gənc idmançıların sayı sürətlə artır.
Prezident İlham Əliyev dedi ki, Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti çox güclənib, bu idman növünün yayılmasında çox böyük işlər görülür. Dünya Taekvondo Federasiyasının prezidenti Çanq Von Çu Azərbaycana gəlmişdi. Biz onunla Afinada da görüşmüşdük. Bizim federasiyanın prezidenti Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir. Bu, həm böyük şərəfdir, həm də görülən işlərə verilən qiymətdir. 2003-cü ildə Azərbaycanda gözəl bir mərkəz açdıq. Başqa idman növlərində - ağır atletikada da belədir. Çox sevindirici haldır ki, həm idmançılar öz potensialını gücləndirirlər, onlara şərait yaradılır, həm də beynəlxalq idman aləmi də bunu görür, dəstəkləyir və bəyənir.
Azərbaycan Prezidenti İlham Əliyev idmançılarla səmimi görüşdü. İdmançılara və məşqçilərə dövlətimizin başçısının adından hədiyyələr təqdim olundu.

15 iyul 2005-ci il

Xəbər 1121 dəfə oxundu.