Qattuzo daha bir oyun keçirəcək
«Syon»un 35 yaşlı yarımmüdafiəçisi Cennaro Qattuzo mövsümün sonunda karyerasını başa vuracağını bildirib. İdman.com.az saytı xəbər verir ki, İsveçrə klubunun oynayan məşqçisi komandanın daha bir matçında oynayacağını söyləyib. O, həmçinin karyerasını başa vurandan sonra diqqətini məşqçilik fəaliyyətinə yönəldəcəyini deyib:

«İyunda son olaraq butslarımı divardan asacağam və tam olaraq məşqçilik karyerama keçəcəyəm. Uğurlu məşqçi olmaq üçün ciddi iddialarım var. «Məni tez-tez Antonio Konte ilə müqayisə edirlər. Bu mənim üçün böyük şərəfdir. Sözsüz, mən də belə uğurlar əldə etmək istərdim».

Qattuzo «Syon»dan öncə «Peruca», «Reyncers», «Salernitana» və «Milan»ın formalarını geyinmişdi. Bütün əsas klub uğurlarına «Milan»la çatıb – iki dəfə İtaliya çempionu, ölkə kuboku və Superkubokunun sahibi olub. Həmçinin Çempionlar Liqasında iki zəfəri, eləcə də UEFA Superkuboku və planetin klublar çempionluğu uğuru var. Qattuzo İtaliya yığması ilə 2006-cı ildə dünya çempionu olub.

Xəbər 887 dəfə oxundu.