Nuri Şahin kimdən gileylənib?
Türk millisinin oyunçusu Nuri Şahin keçmiş klubu «Liverpul»un baş məşqçisi Brendan Rocersə tənqidlər yağdırıb. İdman.com.az saytı xəbər verir ki, yarımmüdafiəçi 6 ay icarə əsasında formasını geyindiyi klubda Rocersin onu israrla səhv yerdə oynatdığını söyləyib.

Madrid «Real»ından Liverpula icarəyə göndərilmiş futbolçu qırmızı formanı 12 dəfə geyinə bilib. Bu 12 matçın yalnız 4-də 90 dəqiqə meydanda olan Nuri çox keçmədən ulduzunun parladığı Dortmund «Borussiya»sına geri dönüb.

Nuri Şahin Liverpulda keçirdiyi günlərdən İspaniyanın «As» qəzetinə danışıb. «Liverpul»da uğursuz olmadım" - deyən Nuri Brendan Rocersin ona hücumçunun arxasında 10 nömrə rolu biçdiyini söyləyib: «Ancaq mən forvard arxasında oynayan bir futbolçu deyiləm. Rocersdən də niyə bu mövqedə oynamağa məcbur edildiyimi soruşdum. Ancaq mənə cavab verə bilmədi».

Nuri Şahin hələ müqaviləli oyunçusu olduğu «Real»a geri dönməsini də istisna etməyib. İspan klubunda forma şansı tapa bilməməsini üst-üstə gələn zədələrlə bağlayan Nuri Joze Maurinyo ilə də telefonla tez-tez danışdığını vurğulayıb.

«Real»ın «Mançester Yunayted» səddini aşmasından da danışan türk futbolçu «Hər kəs Cüneyd Çağırdan danışır. Ancaq məncə, «Real» son dərəcə yaxşı bir oyunla mərhələni adladı» - deyib.

Xəbər 874 dəfə oxundu.