Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Voleybol Federasiyasının rəhbərlərini, qadınlardan ibarət yığma voleybol komandasının üzvlərini və məşqçilərini qəbul etmişdir
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev iyulun 15-də MOK-un binasında Voleybol Federasiyasının rəhbərlərini, qadınlardan ibarət yığma voleybol komandasının üzvlərini və məşqçilərini qəbul etmişdir.
Prezident İlham Əliyev voleybolçu qızları salamlayaraq dedi ki, mən komandanın çıxışlarını həmişə izləyirəm və böyük, yüksək səviyyədə uğurlarına sevinirəm. Əlbəttə, son hadisələr bizi çox sevindirir. Çox gərgin mübarizə şəraitində dünya çempionatının finalına çıxmaq sizin üçün, ümumən, Azərbaycan idmanı üçün olduqca böyük nailiyyətdir. Əhsən! Hamı - azarkeşlər də, zənnimcə, bütün Azərbaycan vətəndaşları da buna şaddırlar. İndi dünya çempionatında çıxışlarınızı gözləyəcəyik.
Qarşıda daha bir turnir durur. Bu da xoşdur ki, həmin turnir Bakıda keçiriləcəkdir. Belə yarışları qəbul etmək üçün rayonlarda infrastruktur yaradılmışdır. Sizə azarkeşlik edəcəyik. Siz yaxşılaşmısınız, sizi çoxdandır görməmişəm. Görüşümüzə çox şadam.
Voleybol federasiyasının prezidenti Ziya Məmmədov Azərbaycanda digər sahələr kimi, idmanın da inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq dedi ki, ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə idmanın yüksəlişi üçün çox möhtəşəm işlərin təməli qoyulmuşdur. Bu gün bu siyasət Sizin tərəfinizdən böyük uğurla davam etdirilir, Azərbaycan idmanı dünya idman ailəsinə inteqrasiya yolunda mühüm addımlar atır. Sizin diqqət və qayğınızı hiss edərək, federasiyamız işini ümumi prinsiplər əsasında qurur.
Federasiyanın rəhbəri, dünyanın 16 komandasından biri kimi, Azərbaycan komandasının gələn il Yaponiyada keçiriləcək dünya çempionatında iştirak edəcəyini xatırlatdı, iyulun 26-da Quba Olimpiya İdman Kompleksində Avropanın 8 ölkəsinin yığma komandaları arasında keçiriləcək Qran-pri yarışına hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verdi.
Dövlətimizin başçısı İlham Əliyev dedi ki, doğrudan da bu, çox əlamətdar hadisədir. Yarışda 8 ölkədən 250-yə yaxın ən güclü idmançı iştirak edəcəkdir. Bilirsiniz ki, vaxt var idi, belə yarışlar Bakıda keçirilirdi. İlk dəfə Bakıda keçiriləndə sevinirdik. Amma indi görün, o, Azərbaycanın müxtəlif yerlərində keçirilir. Biz 2003-cü ildə, Quba Olimpiya İdman Kompleksini istismara verəndə bunu o məqsədlə edirdik ki, orada nə vaxtsa mötəbər beynəlxalq yarış keçiriləcəkdir. Artıq indi bu reallıqdır. Orada həm iqlim, təbiət çox gözəldir, həm də kompleksdə hər cür şərait var. Əlbəttə, əlavə oturacaqların qoyulması, kotteclərin tikilməsi bu infrastrukturun inkişafına da xidmət göstərir.
Yəqin orada yarış iştirakçıları üçün mədəni proqramlar da təşkil olunacaq ki, onlar darıxmasınlar. Voleybol Azərbaycanda son müddət ərzində ilk komanda idman növüdür ki, uğurlar əldə edibdir. Sizin qoyduğunuz ənənə başqa idman növlərində də özünü büruzə verir. Mən bu gün basketbol, otüstü hokkey komandaları ilə görüşdüm. Onların hamısının güclənməsi, möhkəmlənməsi sizdən sonra başlanmışdır. Azərbaycanda ilk dəfə voleybol komandası formalaşdı. Faiq Qarayev Vətənə qayıtdı, komandanı yığdı, federasiya möhkəmləndi, yeni prezident seçildi və işlər başladı. Qısa müddət ərzində görün nə qədər böyük uğurlar qazanılıbdır. İndi biz onların hamısını yada salsaq, çox vaxt lazım olar.
Məsələn, basketbolçular Səudiyyə Ərəbistanında İslam Ölkələrinin Birinci Həmrəylik Oyunlarında 1-ci yeri tutublar. Otüstü hokkeyçilərimiz çempionlar liqasında klublar arasında 2-ci yeri tutublar. Bütün bunlar sizdən sonra başlayıb, bu ənənəni siz qoymusunuz. İndi bu, bütün başqa komanda idman növlərində öz əksini tapacaqdır. Bilirəm ki, bu yaxınlarda keçirilmiş turnirdə Rusiya komandası üzərində ilk dəfə qələbə qazandınız. Başqa komandaları da uddunuz. Bu bizim komandanın səviyyəsini göstərir və o, ən yüksək qiymətə layiqdir. Bu uğurları əldə etmək üçün bütün amillər olmalıdır. Federasiya işi təşkil etməlidir. Məşqçilər yaxşı işləyirlər, qızlarımız həm gözəldirlər, həm də yaxşı oynayırlar.
Voleybol üzrə yığma komandanın baş məşqçisi Faiq Qarayev son dörd il ərzində beynəlxalq səviyyədə keçirilən yarışlarda yetirmələrinin çıxışlarından, prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan, məşq prosesindən, federasiyanın, Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin birgə səmərəli fəaliyyətindən danışdı. O, Yaponiyada keçiriləcək dünya çempionatında voleybolçu qızlarımızın ölkəmizin idman şərəfini uca tutacaqlarına əminliyini bildirdi, yeni ailə qurmağa hazırlaşan qızların mənzillə təmin olunmasına kömək göstərilməsini xahiş etdi.
Prezident İlham Əliyev dedi ki, mən Faiq Qarayevin yenidən Azərbaycana qayıtmasından sonrakı ilk görüşümüzü xatırlayıram. Onda yəqin, nə sən, nə də mən inanmazdıq ki, belə olacaqdır. Sadəcə, işə başladıq. Sonra federasiyanın prezidenti Ziya Məmmədov, Gənclər, İdman və Turizm Nazirliyi və Milli Olimpiya Komitəsi də qoşuldular, işlər yoluna düşdü. Yadımdadır, birinci qələbə Bolqarıstan komandası üzərində oldu. İndi isə hamı sizin qələbələrinizə adət edibdir. Oyununuzun səviyyəsini elə qaldırmısınız ki, sizdən ancaq qələbələr gözləyirlər. Bu, sevindirici haldır. Bunu siz özünüz də duyursunuz, yarışda hiss edirsiniz. Qələbə hissi heç nə ilə müqayisə olunmazdır. Biz hamımız sizin azarkeşinizik, sizi sevirik. Qızlar vətənpərvər, gözəl, xoş təsir bağışlayan qızlardır, yaxşı oynayırlar.
Bütün problemlər əvvəllər necə həll edilirdisə, eləcə də həll olunacaqdır. İndi, sadəcə olaraq, vaxtım azdır. Prinsipcə heç nə dəyişməyib, vaxtımın azlığına baxmayaraq, baş verən hadisələrdən hali olmağa çalışıram. Bəzən gəlib oyunlara baxmağa imkan tapa bilmirəm. Amma çalışacağam ki, Qubaya gəlib, oyunları izləyim.
Mən Faiqə deyirdim ki, bəli, gərginlik var, lakin oynamaq lazımdır, qələbə qazanmaq lazımdır. Bu, idmandır, heç də hər şey səndən asılı deyildir. Bu, ona görə də idmandır. Burada məğlubiyyət də olur, qələbə də. Başlıcası odur ki, gərək qələbə əzmi olsun, məğlubiyyətə görə ruhdan düşməyəsən.
Komandanın kapitanı Alla Həsənova prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.
Azərbaycan Prezidenti idmançılarla və məşqçilərlə səmimi görüşdü, bir daha təbrik etdi. Dövlətimizin başçısının adından onlara hədiyyələr təqdim olundu.

15 iyul 2005-ci il

Xəbər 1314 dəfə oxundu.