Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, kosmonavt Aleksey Leonovu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Prezident sarayında MDB-yə üzv olan ölkələrin V Beynəlxalq İdman Oyunlarının baş hakimi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, kosmonavt Aleksey Leonovu qəbul etmişdir.
Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin V Beynəlxalq İdman Oyunlarının Azərbaycanda keçirilməsinin əlamətdar hadisə olduğunu vurğuladı. Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyev ilə Aleksey Leonov arasında 1975-ci ilin oktyabrında keçirilmiş görüşdə iştirakını məmnunluqla xatırladı.
Aleksey Leonov Azərbaycana gəlməyindən böyük məmnunluq duyduğunu bildirdi, 1975-ci ildə ümummilli lider Heydər Əliyev ilə keçirdiyi görüşün indiyədək təsiri altında olduğunu söylədi. Çox böyük dahi şəxsiyyət olan Heydər Əliyev ilə görüşlərini həmişə məmnunluqla xatırladığını bildirən kosmonavt dedi ki, Heydər Əliyev keçmiş Sovetlər İttifaqında çox yüksək vəzifə tutmasına baxmayaraq, adi insanların həyatı ilə daim maraqlanırdı, onların irili-xırdalı bütün problemlərinin dərhal həll edilməsi barədə göstərişlər verirdi və buna şəxsən nəzarət edirdi.

26 sentyabr 2005-ci il

Xəbər 1069 dəfə oxundu.