Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnovu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Prezident sarayında Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnovu qəbul etmişdir.
Beynəlxalq Olimpiya Komitəsinin bu günlərdə keçirilmiş iclasında iştirak etdiyini vurğulayan qonaq dedi ki, BOK-un prezidenti onun salamlarını və müxtəlif yarışlarda Azərbaycan idmançılarının uğurlu çıxışlarına görə təbriklərini prezident İlham Əliyevə çatdırmağı xahiş etmişdir.
Azərbaycan voleybolçularının çox yaxşı çıxış etdiklərini söyləyən cənab Smirnov həmin yarışlarda onlara azarkeşlik etdiyini vurğuladı. O, Azərbaycanda Olimpiya lisenziya turnirlərinin yüksək səviyyədə keçdiyini bildirdi.
Ölkəmizdə idmanın inkişafı üçün böyük işlər görüldüyünü deyən prezident İlham Əliyev Azərbaycanda beynəlxalq turnirlərin yüksək səviyyədə keçdiyini və onların təkcə Bakıda deyil, həm də respublikamızın rayonlarındakı müasir tipli olimpiya komplekslərində təşkilinin böyük əhəmiyyəti olduğunu vurğuladı.
Azərbaycanda dünya standartlarına cavab verən bir çox olimpiya idman kompleksinin inşa edildiyini xatırladan prezident İlham Əliyev daha bir neçə rayonda belə komplekslərin özülünün qoyulduğunu bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, onların hər birində beynəlxalq yarışların yüksək səviyyədə təşkili mümkündür. Dünya standartlarına cavab verən olimpiya komplekslərinin ətrafında infrastrukturun yaradılması, həm də Azərbaycanda turizmin inkişafına xidmət edir.
Azərbaycan voleybolçularının böyük uğurla çıxış etdiklərini vurğulayan prezident İlham Əliyev dedi ki, Bakıda otüstü hokkey üzrə beynəlxalq turnir müvəffəqiyyətlə keçmiş, Azərbaycan komandası dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdır. Hazırda ölkəmizdə bədii gimnastika üzrə dünya çempionatı keçirilir. Bir sıra beynəlxalq turnirlərin keçirilməsi də nəzərdə tutulmuşdur. Bütün bunlar Azərbaycanda idman sahəsində işlərin uğurla getdiyini göstərir.
Salamlara və təbrikə görə minnətdarlığını bildirən prezident İlham Əliyev onun da salamlarını BOK-un prezidenti cənab Jak Roqqa çatdırmağı xahiş etdi.

7 oktyabr 2005-ci il

Xəbər 1009 dəfə oxundu.