Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Prezident sarayında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandini qəbul etmişdir.
Qəbula görə təşəkkür edən Bruno Qrandi dedi ki, cənab prezident, ilk görüşümüz zamanı Siz Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti idiniz.
Prezident İlham Əliyev bildirdi ki, o, indi də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir.
Beynəlxalq Federasiyanın rəhbəri Bakıya gəlməzdən əvvəl Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante ilə görüşdüyünü bildirdi və prezident İlham Əliyevə onun salamlarını çatdırdı.
Salamlara görə minnətdarlığını bildirən prezident İlham Əliyev onun da ən səmimi salamlarını AOK-un rəhbərinə çatdırmağı xahiş etdi. Azərbaycan Prezidenti dedi ki, biz Avropa Olimpiya Komitəsində birgə çalışmışıq, o zaman Mario Peskante baş katib idi.
Bədii gimnastika üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinə görə təşəkkürünü bildirən prezident İlham Əliyev dedi ki, bir neçə gün ərzində bu tədbir bütün televiziya kanallarında və idman verilişlərində yayımlanmışdır. Ölkəmizdə bu tədbirə böyük maraq var idi. İlk dəfə idi ki, Olimpiya idman növü üzrə ölkəmizdə dünya çempionatı keçirilirdi. Azərbaycana göstərdiyiniz bu diqqətə və əməkdaşlığınıza görə sizə təşəkkür edirəm. Mən ümid edirəm ki, gələcəkdə ölkəmizdə daha çox beynəlxalq tədbirlər keçiriləcəkdir.
Azərbaycanda gələcəkdə bir sıra dünya və Avropa çempionatlarının keçiriləcəyini vurğulayan qonaq Bakıda olmasından çox məmnun qaldığını söylədi. O dedi ki, biz bədii gimnastika üzrə dünya çempionatının keçirilməsi üçün Bakını seçəndə bilirdik ki, ölkənizdə belə tədbir ilk dəfə olacaqdır. Lakin deməliyəm ki, seçimimiz çox düzgün olmuşdur. Hər şey çox yaxşı təşkil edilmişdi. Mən çox məmnunam. Təşkilati işləriniz və qonaqpərvərliyiniz çox yüksək səviyyədə idi. Deyərdim ki, Azərbaycan qonaqpərvərlikdə ən birinci yerdə durur. İştirakçılar bütün bunlara görə təşəkkürlərini bildirirlər. Bütün dostlarım adından Sizə təşəkkür edirəm. Azərbaycan komandası çox yaxşı çıxış etdi, bu, onlar üçün böyük tərəqqidir.
Xoş sözlərə görə minnətdarlığını bildirən prezident İlham Əliyev dedi ki, Azərbaycanda idman çox uğurla inkişaf edir. Bir çox idman növlərində gözəl nəticələr əldə olunur.

10 oktyabr 2005-ci il

Xəbər 1067 dəfə oxundu.