YUNESKO-nun Bədən tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin Fövqəladə iclası başlayır
18-19 aprel 2012-ci il tarixdə İsveşrənin Lozanna şəhərində YUNESKO-nun Bədən tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin İclasında YUNESKO ilə qarşılıqlı razılıq əsasında Komitənin Fövqəladə İclasının və Daimi Məşvərətçi Şuranın İclasının 13-15 mart 2013-cü il tarixdə Bakı şəhərində keçirilməsi qərara alınmışdır.

İdman.com.az saytı xəbər verir ki, Fövqəladə İclas bu ilin may ayında Almaniya Federativ Respublikasının Berlin şəhərində Ümumdünya Bədən tərbiyəsi və İdmana məsul Nazirlərin və Rəsmilərin 5-ci Konfransı zamanı (MINEPS V) qəbul ediləcək Nazirlərin Yekun Bəyannaməsi ilə əlaqədar bütün tövsiyələrlə bağlı son tamamlama işlərini görmək məqsədini daşıyır. Tədbirdə 50 nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.

Fövqəladə İclasın müzakirə olunacaq əsas üç mövzusu aşağıdakılardır:
- oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini qoruyub saxlamaq istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi;
- hər kəsin idmanla məşğul olmaq kimi fundamental hüququnun dəstəklənməsi;
- bədən tərbiyəsi və idman sahəsinə dövlətlərin investisiyasının təşviq edilməsi.

“Oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini və bütövlüyünü qoruyub saxlamaq”, yəni matçların nəticələrinin əvvəlcədən razılaşdırılması problemi, nazirlər və yüksək vəzifəli şəxslər, ekspertlər tərəfindən Ümumdünya Bədən tərbiyəsi və İdmana məsul Nazirlərin və Rəsmilərin 5-ci Konfransı zamanı müzakirə ediləcək əsas mövzulardan biri olacaqdır. Nazirlər idmanın təmizliyini və bütövlüyünü qoruyub gücləndirmək məqsədilə tətbiq oluna biləcək qabaqcıl təcrübələri müzakirə edəcəklər. Sözü gedən məsələlər Nazirlərin Yekun Bəyannaməsində öz əksini tapacaq.

Üç gün davam edəcək bu iclasın, cari ilin may ayında Almaniya Federativ Respublikasının Berlin şəhərində Ümumdünya Bədən tərbiyəsi və İdmana məsul Nazirlərin və Rəsmilərin 5-ci Konfransına hazırlıq baxımından böyük əhəmiyyəti vardır.

İclas 3 gün davam edəcək. İclas 13-14 mart 2013-cü tarixdə saat 10:00-dan 17:00-a kimi sonuncu gün isə 10:00-dan 13:00-a kimi olacaq. Sabah 10.00-da Park Inn mehmanxanasında tədbirin açılılışı keçiriləcək. Toplantıya bütün KİV-lər dəvət edilir.

Xəbər 1425 dəfə oxundu.