Toşak Lənkəranda daha bir ötəri ad, yoxsa tarix başlayan məşqçi olacaq?
«Xəzər Lənkəran»ın məşqçilər qalaqurması davam edir. Klub bu dəfə daha iddialı addım ataraq, tanınmış uelsli mütəxəssis, “Britaniya İmperiyası Ordeni zabiti” titulunun daşıyıcısı Con Bencamin Toşakla anlaşıb.

Söz yox ki, tək klub deyil, həm də futbolumuz üçün bu qərar böyük əhəmiyyət kəsb edir. Çünki oyunla, meydanda ölkəmiz naminə işlər görə bilməyən klublarımız böyük adları ölkəyə gətirməklə nəyəsə cəhd edə bilərlər. Əlbəttə, ən pis cəhət odur ki, bu məşqçilərin nə fəlsəfəsindən, nə ideyasından heç bir komandamız yararlana bilmir. Nə qədər qəribə olsa da, buna qədər bu komanda ilə bənzər tale yaşayan «Bakı» da eyni addımı atmışdı. Klub gördüyü işlərin mahiyyəti ilə tanınan və ölkəmizə də xeyirli ola biləcək Vinfrid Şeferdən bəhrələnə bilməmişdi.

«Xəzər Lənkəran»ın məşqçilərlə bağlı qəribə tendensiyası var. Komanda özünün elan etdiyi başlanğıc tarixi – 2004-cü ildən bu yana ötən müddət ərzində 10-cü baş məşqçi ilə meydana çıxacaq. Mütəxəssislər arasında kluba yararlı ola biləcək adlar da çox idi. Lakin ən əhəmiyyətli yenilikləri yalnız yerli mütəxəssis Ağasəlim Mircavadov kluba bəxş etdi. O, ilk mütəxəssis idi ki, kluba həm oyun, həm nailiyyət, həm də sistem baxımından yenilik gətirmişdi.

Con Toşak Uels, Portuqaliya, İspaniya, Fransa, İtaliya, Türkiyə kimi ölkələrdə kiçikdən-böyüyə bir çox klubların, həmçinin Uels və Makedoniya seçmələrinin sükanı arxasında olub. Onun oyunçu karyerasının zirvəsi «Liverpul»da Kevin Kiqanla əfsanəvi duet formalaşdırması və Çempionlar kubokunu, UEFA superkubokunu, 2 dəfə UEFA kubokunu, 3 dəfə İngiltərə çempionluğunu əldə etməsi olubsa, məşqçi kimi, Madrid «Real»ını İspaniya çempionluğuna yüksəltməsi ən böyük nailiyyətidir. Əlbəttə, bu sıraya «Real Sosyedad»la İspaniya kuboku, «Deportivo» ilə İspaniya Superkuboku, «Beşikdaş»la Türkiyə kubokunu da əlavə etmək olar.

Ümumiyyətlə, vaxtilə ən çox ölkə gəzmiş məşqçi kimi tanınmış Toşak böyük üslub sahibi kimi tanınmır. Lakin o, başçılıq etdiyi komandalarda yeni futbolçuları görüb onlara yol açmaqla ad çıxarıb. Bu mənada, Nihad Qəhvəçinin adı Azərbaycan azarkeşlərinə daha yaxşı tanışdır. Atası şotland, anası qal olan 63 yaşlı (1979-cu ilin 22 martında dünyaya gəlib) Toşak vətəni Uelsdə və ümumən Britaniyada məhz «Liverpul»dakı oyunçu karyerasına görə əfsanə sayılır. Onun komanda qurmaq uğrunda son cəhdləri Uels yığmasında olub. Yadınızdadırsa, 2004-cü ildə başlayan həmin yol üstündə onun rəqiblərindən biri də Azərbaycan yığması olmuşdu. Ümumən, uelslilərlə keçirdiyimiz 6 matçdan 3-də rəqibin sükançısı məhz Toşak olub. 2005-ci ildə o, Vaqif Sadıqovun başçılıq etdiyi heyətə 2:0, sonra isə 2008-ci və 2009-cu illərdə Berti Foqtsun rəhbərlik etdiyi komandaya hər iki dəfə 1:0 hesabı ilə qalib gəlib.

Toşak bir qədər ənənəvi ingilis modelinə yaxın futbola üstünlük verir. Lakin onun komandalarının bir xüsusiyyəti də futbolçuların fərdi potensialına diqqət yetirməsidir. 2+1 il prinsipi ilə «Xəzər Lənkəran»a başçılıq edəcəyi gözlənilən Toşakın bu vəzifədə nə qədər qalacağını söyləmək olmaz. Çünki daha yaxşı bələd olduğumuz Lənkəranda məşqçilərin gəlib-getməsi də mövsümi deyil, dövri qanunauyğunluğa çevrilib.

Əlbəttə, çox şey o, Lənkəranda konkret fəaliyyətə başlayandan sonra bəlli olacaq. İndilik bəlli olanı budur ki, «Bakı»nın Vinfrid Şefer, «Neftçi»nin Vlastimil Petrjela macəralarından lənkəranlılar dərs götürüb, fürsəti qaçırmasalar, bu şans azarkeşlərin həsrətinə son qoya biləcək bir layihəyə çevrilə bilər. Ən vacibi, sadəcə, bu məşqçinin adı ilə başlanan sonrakı illərdə daha böyük işlər görülməsi və Lənkəran təmsilçisinin digər klublarımızdan üslubu ilə fərqlənməsinə, özünəməxsus tərzi ilə daim tanınmasına aparan bir mərhələ də keçilə bilər. Amma bunun üçün klub rəhbərliyində də əsl futbol sevgisi başqa maraqlara qalib gəlməlidir.

Xəbər 1577 dəfə oxundu.