Azarkeşlərə artıq çəki maneə deyil
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının oyunlarını tribunalardan izləmək həddən kök fanatlar üçün heç də problem olmayacaq. Braziliya qanunvericiliyinə əsasən, belə insanlar üçün xüsusi qurğular ölkənin yarışı qəbul edəcək 12 stadionun hamısında yerləşdiriləcək.

Biletlərin 1 faizi çəkisi artıq olduğundan əlil arabalarında gəzməyə məcbur olan və ya çətinliklə hərəkət edən adamlar üçün nəzərdə tutulacaq. Belə bileti əldə etmək üçün çəkinin müəyyən normalardan artıq olmasına dair tibbi arayış təqdim etmək lazım gələcək.

FİFA nümayəndələrinin bildirdiyinə görə, məhdud imkanlı insanlar üçün biletlər xarici azarkeşlər üçün satılacaq 3-cü kateqoriyalar üçün də nəzərdə tutulacaq. Bu cür biletlər eyni ölkədə keçiriləcək qarşıdakı Konfederasiyalar Kuboku yarışının tamaşaçıları üçün də nəzərdə tutulacaq. Ancaq bu yarış üçün nə qədər belə yerin hazır olacağı hələ məlum deyil.

Belə ki, bəzi stadionlarda hələ də qızğın işlər gedir. Turnirə 6 arenadan hələ ki, cəmi ikisi tam hazırdı. Özü də FİFA stadionların təhvili üçün son müddət kimi aprelin 15-ni qoyub. Dünya çempionatı üçün bütün arenaların inşası isə ilin sonunadək başa çatdırılmalıdır.

İdman.com.az saytı xəbər verir ki, kök insanlar üçün bilet satışı 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarında da qüvvədə olacaq.

Xəbər 1012 dəfə oxundu.