Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Total” şirkətinin həvəskar futbol komandasının üzvlərini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Prezident sarayında “Total-Azərbaycan” şirkətinin baş meneceri Tyeri Normanın rəhbərlik etdiyi “Total” şirkətinin həvəskar futbol komandasının üzvlərini qəbul etmişdir.
Dövlətimizin başçısı qonaqları salamlayaraq dedi ki, “Total” şirkəti Bakıda çoxdan fəaliyyət göstərir. Ancaq ilk dəfədir ki, onun futbol komandası Azərbaycana gəlibdir. Bunun özü gözəl göstəricidir, bizim münasibətlərimizi əks etdirir. Həm “Total”ın Azərbaycandakı fəaliyyətini göstərir, həm də Fransa ilə Azərbaycan arasında olan dostluq münasibətlərinin əlamətidir. Bizim münasibətlərimiz çox uğurla inkişaf edir. “Total” şirkətinin də bu işdə fəaliyyəti çox böyükdür.
“Total-Azərbaycan” şirkətinin baş meneceri Tyeri Norman qəbula görə respublikamızın Prezidentinə minnətdarlığını bildirdi və həvəskar futbol komandasının üzvlərini təqdim etdi. O, komandanın Bakıda bir neçə oyun keçirdiyini bildirdi, prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərdiyi barədə məlumatları olduğunu bildirdi. Tyeri Norman Fransa milli yığma komandasının üzvləri tərəfindən xüsusi olaraq Azərbaycan Prezidentinə göndərdikləri və üzərində oyunçuların imzaları olan futbol topunu dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev qonaqlarla xatirə şəkli çəkdirdi.

23 iyun 2006-cı il

Xəbər 961 dəfə oxundu.