Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə baş nazirinin müavini və dövlət naziri Mehmet Ali Şahinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Prezident sarayında Türkiyə baş nazirinin müavini və dövlət naziri Mehmet Ali Şahinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Mehmet Ali Şahinlə bu yaxınlarda İstanbulda Heydər Əliyev adına parkın açılışı mərasimində görüşdüyünü məmnunluqla xatırlatdı. Azərbaycan-Türkiyə münasibətlərinin çox yüksək səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev iki ölkənin müxtəlif qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacib olduğunu bildirdi.
Mehmet Ali Şahin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını prezident İlham Əliyevə çatdırdı. Ölkəmizə ilk dəfə səfər etdiyini bildirən qonaq Azərbaycan Respublikasının Fövqəladə Hallar, Gənclər və İdman nazirlikləri ilə Türkiyənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə protokolların imzalanacağını qeyd etdi.
Prezident İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Türkiyənin baş nazirinə çatdırmağı xahiş etdi.

7 avqust 2006-cı il

Xəbər 1281 dəfə oxundu.