Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey ilə görüşü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Masallı Olimpiya İdman Kompleksinin açılış mərasimindən sonra, burada Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey ilə görüşmüşdür.
Görüşdə Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət səviyyəsində yüksək qayğı göstərildiyi xüsusi vurğulandı. Bildirildi ki, məhz bu cür kompleks tədbirlər sayəsində Azərbaycan idmançıları Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər.
Azərbaycanda mütəmadi olaraq ən mötəbər beynəlxalq yarışların keçirilməsi də təqdirəlayiq hal kimi dəyərləndirildi. Paytaxtda və bölgələrdə istifadəyə verilən olimpiya idman komplekslərinin gənc nəslin sağlam böyüməsində böyük əhəmiyyəti qeyd olundu.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey Azərbaycanda idmana dövlət səviyyəsində bu cür qayğının ölkəmizin idmançılarının Pekin Olimpiadasında da yüksək nəticələr göstərmələri üçün geniş imkanlar açdığını bildirdi.
Görüşdə Azərbaycanın beynəlxalq idman təşkilatları, o cümlədən Avropa Olimpiya Komitəsi ilə əməkdaşlığının yüksək səviyyədə olduğu bir daha vurğulandı.

9 aprel 2007-ci il

Xəbər 1041 dəfə oxundu.