Azad Rəhimov Qətərin “Aljazeera” telekanalına müsahibə verib
Martın 6-da gənclər və idman naziri Azad Rəhimov Qətərin “Aljazeera” telekanalına müsahibə verib. Müsahibə əsasən, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq məslələri ilə bağlı olub.

Telekanalın əməkdaşı Riçard Parın suallarını cavablandıran nazir Azad Rəhimov bildirib ki, Bakının mövcud idman infrastrukturu ilə yanaşı hazırda inşası davam edən nəhəng idman mərkəzləri bu oyunları yüksək səviyyədə keçirməyə imkan verəcək.

İdman.com.az saytı xəbər verir ki, olimpiya kəndinin də vaxtında hazır olacağını və hər bir şəraitlə təmin ediləcəyini bildirən nazir A.Rəhimov, yarışların təşkil ediləcəyi idman növlərinin bəzilərinin artıq dəqiqləşdiyini, tam siyahının isə bu ayın ortalarında müəyyən ediləcəyini bildirib.

Gənclər və idman naziri qeyd edib ki, Sovet ittifaqı dağılanda, Azərbaycanın müstəqilliyinin ilk illərində Bakıda cəmi bir stadion və 2 idman mərkəzi var idi ki, onların da yenidənqurmaya ciddi ehtiyacı var idi. Hazırda isə ölkəmizdə yeni olimpiya kompleksləri və stadionlarla yanaşı, müxtəlif idman növləri üçün mərkəzlər də inşa edilməkdədir.

Telekanal müxbirinin güləşin 2020-ci il olimpiadasının proqramından çıxarılması məsələsinə münasibətini də öyrənib. Nazir bildirib ki, BOK-un bu tövsiyyəsi bu hər kəs üçün gözlənilməz olub: “Güləş bütün dünyada sevilən idman növüdür. Elə ötən il London olimpiadasında da bunun şahidi olduq. Bu idman növünün güclü inkişaf etdiyi ölkələrin sayı dünyada çoxluq təşkil edir. Ona görə də, güləşin olimpiya proqramında qalacağına inanıram”.

Nazir A.Rəhimov telekanal əməkdaşlarının Azərbaycan idmanı ilə bağlı müxtəlif suallarını da cavablandırıb.

Xəbər 1260 dəfə oxundu.