Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Prezident sarayında Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini, ölkəmizdə yeni müasir standartlara cavab verən çoxlu sayda idman komplekslərinin istifadəyə verildiyini məmnunluqla vurğuladı. Ölkəmizin mötəbər beynəlxalq idman yarışlarının keçirilməsində artıq kifayət qədər təcrübəyə malik olduğunu qeyd edən prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş birinci beynəlxalq voleybol turnirinin bu baxımdan əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev ilə 2005-ci ildə Quba şəhərində Qran-pri yarışları çərçivəsində keçirilən görüşünü xatırlayan Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş birinci beynəlxalq voleybol turnirində də iştirak etməsindən məmnunluğunu ifadə etdi və Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

24 avqust 2007-ci il

Xəbər 1067 dəfə oxundu.