Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev güləş və taekvondo üzrə milli komandaların üzvləri və məşqçiləri ilə görüşmüşdür
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev sentyabrın 3-də MOK-un inzibati binasında son vaxtlar beynəlxalq yarışlarda uğurlar qazanmış güləş və taekvondo üzrə milli komandaların üzvləri və məşqçiləri ilə görüşmüşdür.
Prezident İlham Əliyev son vaxtlar Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğının Beynəlxalq Olimpiya Komitəsinin və dünya idman federasiyalarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini söylədi. Dövlətimizin başçısı dedi:
- Azərbaycanda idman çox sürətlə inkişaf edir. Gənc nəsil və təcrübəli idmançılar bizi həm sevindirirlər, həm də Azərbaycanın idman bayrağını həmişə yüksəkdə saxlayırlar. Sizin də uğurlarınız bizi çox sevindirir, xüsusilə də nəzərə alsaq ki, gələn il Pekində Yay Olimpiya oyunları keçiriləcək və biz bu oyunlara çox ciddi hazırlaşırıq. Bilirik ki, rəqabət çox böyük olacaq, bəlkə də keçən Olimpiya oyunlarına nisbətən daha da kəskin mübarizə aparılacaqdır. Çünki indi idman müxtəlif ölkələrin diqqət mərkəzindədir. Əvvəllər belə deyildi. Mən idman hərəkatında 10 ildir iştirak edirəm və bilirəm ki, yeddi-on il bundan əvvəl bəzi ölkələrdə idmanın inkişafına böyük diqqət göstərilmirdi. Amma indi vəziyyət dəyişibdir. Hər bir ölkə çalışır ki, Olimpiya oyunlarında yüksək nəticə göstərsin. Çünki Olimpiya oyunları yeganə idman yarışıdır ki, orada bütün ölkələr iştirak edir və müxtəlif yerləri tutur. Bundan sonra cədvəldə göstərilir ki, hansı ölkə hansı yerdədir. Hamı çalışır ki, yüksək yer tutsun.
Azərbaycan son iki Olimpiya oyunlarında çox yaxşı iştirak etmişdir. İdmançılarımız Sidneydə 3, Afinada isə 5 medal qazanmışlar. Biz ümid edirik ki, Pekin Olimpiya oyunlarında da nəticələr yaxşı olacaq. Bu, sizdən - idmançılardan, məşqçilərdən, federasiyaların rəhbərliyindən, klubların və bütün idman ictimaiyyətinin fəaliyyətindən asılıdır.
Azərbaycan indi beynəlxalq idman yarışlarını da uğurla keçirir. İki həftədən sonra dünya güləş çempionatı keçiriləcəkdir. Bu, çox böyük göstəricidir. Bütün dünya güləş ictimaiyyəti Azərbaycana yığışacaqdır.
Bu, Azərbaycana çox böyük inamın, çox böyük hörmətin əlamətidir ki, dünya güləş federasiyası çempionatı məhz Azərbaycanda keçirir.
Görüşdə çıxış edən sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Yaqub Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Olimpiya Hərəkatının inkişafına göstərdiyi qayğı nəticəsində respublikamızın dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrildiyini vurğuladı. O dedi ki, Sizin 10 il bundan əvvəl Milli Olimpiya Komitəsinə başçılıq etməyiniz, demək olar ki, Azərbaycan idmanının irəliləməsinə böyük təkan verdi. Mən elə bilirəm ki, bizim güləşçilərimiz bu imtahandan da alnıaçıq çıxmalıdırlar. Çalışacağıq ki, maksimum lisenziyalar qazanaq.
Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Elçin Cəfərov dövlət səviyyəsində onlara göstərilən qayğıya qarşıdakı dünya çempionatında parlaq qələbələr qazanmaqla cavab verəcəklərini bildirərək dedi: Biz çalışacağıq ki, Azərbaycan idmanına göstərilən bu qayğı və diqqəti dünya çempionatında lazımınca doğruldaq. Bilirsiniz ki, bu çempionatda 100-dən artıq ölkənin idmançıları iştirak edəcəklər. Bu yarış həm də ona görə ağır və çətin olacaq ki, 1-8-ci yerləri tutan idmançılar Pekin Olimpiya oyunlarına lisenziya qazanacaqlar. Hesab edirəm ki, Sizin dəstəyiniz, köməyiniz, qayğınız nəticəsində biz bunun öhdəsindən gələcəyik.
Görüşdə idmançılarımızın güləş üzrə dünya çempionatında da uğur qazanaraq Pekin Olimpiya oyunlarına lisenziya əldə edəcəkləri vurğulandı.
Görüşün sonunda idmançılar və onların məşqçiləri prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər.

3 sentyabr 2007-ci il

Xəbər 1097 dəfə oxundu.