Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev yeniyetmələrin IX Avropa Olimpiya festivalının qalibləri və onların məşqçiləri ilə görüşmüşdür
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev sentyabrın 3-də MOK-un inzibati binasında yeniyetmələrin IX Avropa Olimpiya festivalının qalibləri və onların məşqçiləri ilə görüşmüşdür.
Dövlətimizin başçısı İlham Əliyev görüşü açaraq dedi:
- Milli Olimpiya Komitəsində idmançılarla görüşlərimiz ənənəvi xarakter daşıyır. Uzun illər ərzində biz burada müxtəlif vaxtlarda görüşmüşük, söhbət eləmişik, idmançıların uğurlarına sevinmişik və əlbəttə ki, gələcək fəaliyyət haqqında danışmışıq. Bu gün də biz çox gözəl hadisə münasibətilə buraya yığışmışıq. Bizim gənc idmançılarımız beynəlxalq yarışda, mötəbər Avropa yarışında çox böyük qələbə qazanmışlar. IX Avropa Olimpiya festivalında, yeniyetmələr arasında keçirilən festivalda bizim milli komandamız 6-cı yeri tutmuşdur. Bu, çox böyük göstəricidir, çox böyük qələbədir. Nəzərə alsaq ki, bu yarışda 50-yə yaxın ölkənin komandaları iştirak edib, 6-cı yeri tutmaq, sözün əsl mənasında, çox böyük nəticədir.
Bu festivalda bizim idmançılarımız yeddi qızıl medal qazanmışlar. Bu da çox böyük göstəricidir. Mənə verilən məlumata görə, bizdən irəlidə ancaq Rusiya, Böyük Britaniya, İtaliya, Almaniya və Ukrayna komandalarıdır. Bildiyiniz kimi, bunlar əhalisi Azərbaycandan bir neçə dəfə çox olan ölkələrdir.
Əlbəttə ki, 6-cı yeri tutmaq onu göstərir ki, Azərbaycanda yeniyetmə idmanı çox yüksək səviyyədədir. Bu, məni çox sevindirir. Azərbaycanda uşaq və yeniyetmə idmanına həmişə böyük diqqət göstərilmişdir. Bu, bizim gələcəyimizdir. İlk növbədə, gənc kadrlar, gənc nəsil yetişir. Digər tərəfdən, bu onu göstərir ki, gənclərimiz idmana çox böyük maraqla yanaşırlar. Bizim də məqsədimiz bundan ibarətdir ki, sağlam gənc nəsil yetişsin. Bunu etmək üçün həm idman bölmələrində iş yüksək səviyyədə təşkil olunmalıdır, həm də federasiyalar, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, müxtəlif qurumlar, bir sözlə, bütün idman ictimaiyyəti bir nöqtəyə vurmalıdır.
İndi Azərbaycanda idmanla məşğul olmaq üçün çox gözəl imkanlar var. Ölkəmizin müxtəlif bölgələrində müasir idman kompleksləri tikilib istifadəyə verilibdir. 10-dan çox kompleks artıq fəaliyyətdədir. 20-yə qədər müasir olimpiya kompleksinin tikintisi ya başlanmışdır, yaxud da başlanmaq ərəfəsindədir. Beləliklə, Azərbaycanın hər bir bölgəsində müasir idman qurğuları tikilir.
Azərbaycanda indi müxtəlif beynəlxalq yarışlar da keçirilir. Uzun illər ərzində artıq Azərbaycanda bir neçə dəfə həm gənclər arasında, yeniyetmələr arasında, həm də böyüklər arasında dünya və Avropa çempionatları keçirilmişdir. Bu da onu göstərir ki, beynəlxalq idman ictimaiyyətinin Azərbaycana çox böyük hörməti, inamı var və bizdə təşkilatçılıq səviyyəsi çox yüksəkdir.
Onu da qeyd etmək istəyirəm ki, yeniyetmələr arasında Avropa Olimpiya festivalında bizdən sonrakı yerləri tutmuş ölkələrin komandaları da çox böyük idman potensialına malik ölkələrdəndir. Misal üçün, bizdən sonrakı yerləri tutan ölkələr Belçika, Rumıniya, Polşa, Fransa, Hollandiya, Macarıstan, Serbiya, Latviya, Xorvatiya, Gürcüstan, Slovakiya, İsveç, Sloveniya, İspaniya, Türkiyə, Portuqaliya, İsveçrə, Danimarka, Litva, Bolqarıstan, Estoniya, İrlandiya, Avstriya, Belarus, İsrail, Finlandiya, Norveç, Bosniya, Çexiya, Yunanıstan və Lüksemburqdur. Sonuncu yerdə Ermənistan komandasıdır. Ermənistan komandası nə bir qızıl, nə bir gümüş, nə də bir bürünc medal qazana bilmişdir. Budur bizim üstünlüyümüz, budur bizim fəaliyyətimizin nəticəsi.
Dövlətimizin başçısı gənc idmançılarımızın beynəlxalq yarışlarda, Olimpiya oyunlarında da yüksək nəticə göstərəcəklərinə ümidvar olduğunu söylədi.
Görüşdə cüdo üzrə yeniyetmələrdən ibarət milli komandamızın məşqçisi Rəşad Həsənov çıxış edərək, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi:
- Cənab prezident, biz bu qələbəni Sizin Olimpiya Komitəsinin prezidenti seçilməyinizin 10 illiyinə həsr etmişik. Biz çox sevinirik, indiyəcən Avropa Olimpiya festivalında belə nəticələr olmamışdır. Siz qeyd etdiyiniz kimi, biz 6-cı yerə layiq görülmüşük. Bizdən sonrakı yerləri tutan, sadaladığınız ölkələrin komandaları çox güclü rəqiblər idi. Bizim qələbə Sizin idmana göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Sizə öz minnətdarlığımızı bildiririk.
Görüşdə yeniyetmə idmançılarımızın gələcək beynəlxalq yarışlara da səylə hazırlaşdıqları vurğulandı. Gənc atlet Ramil Quliyevin Pekin Olimpiya Oyunlarına ölkəmizdən ilk lisenziya qazandığı bildirildi. Dövlətimizin başçısına yaxın gələcəkdə idmançılarımızın bir çox mötəbər yarışlarda iştirak edəcəyi barədə də məlumat verildi. Artıq Azərbaycanın da dünyanın idman mərkəzlərindən birinə çevrildiyi, ölkəmizdə beynəlxalq yarışları qəbul edən möhtəşəm idman komplekslərinin - Heydər Əliyev adına İdman-Konsert Kompleksinin, Bakı İdman Sarayının və Atletika manejinin dünya standartlarına uyğun şəkildə yenidən qurularaq idmançıların istifadəsinə verildiyi vurğulandı.
Görüşün sonunda yeniyetmə idmançılar və onların məşqçiləri prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

3 sentyabr 2007-ci il

Xəbər 1128 dəfə oxundu.