Rusiya və Ukraynadan medallar
Azərbaycanın gənc bədii gimnastı Jalə Piriyeva Qran-pri yarışlarının birinci mərhələsi çərçivəsində Moskvada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.

13 yaşlı gimnast gənc idmançıların yarışlarında çoxnövçülükdə yerli idmançı və ukraynalı gimnastdan sonra üçüncü yerə (55,383 xal) çıxıb. Üstəlik, Jalə ən gənc idmançılardan biri olub və 1998-99-cu il təvəllüdlü özündən böyük gimnastlarla mübarizə aparıb.

Digər gimnastımız Marina Durunda seçmə təsnifat yarışlarında 4 mümkün finaldan 3-nə yüksəlib. O, ən yaxşı nəticəsini lentlə hərəkətlərdə göstərərək 4-cü olub. Finalda halqa ilə hərəkətlərdə 5-ci, gürz ilə tapşırıqda 8-ci, çoxnövçülükdə isə 7-ci yerə çıxıb.
Milli komandanın baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, yetirməsi zala toplaşanlarda xüsusi təəssürat yaradıb: “Lentlə hərəkətlərdə çıxış zamanı naməlum səbəblərdən musiqinin dayandırılması Marinanın əhval-ruhiyyəsinə mənfi təsir göstərməyib və onun əla çıxışına mane olmayıb. Bədii gimanstikanın canlı əfsanəsi Alina Kabayeva Durundanı çox məharətli və perspektivli idmançı adlandırıb”.

Ötən istirahət günlərində daha bir beynəlxalq turnir Ukraynada keçirilib, lakin bu turnir akrobatika və tamblinq üzrə təşkil olunub. Bu yarışda Azərbaycan gimnastı Mixail Malkin ardıcıl ikinci dəfə mütləq qalib olub.
Bakı Gimnastika Məktəbinin 17 yaşlı yetirməsi Vinnitskdə yüksək məharət göstərib. Vint tapşırığının yüksək texniki icrası və tullanışların mürəkkəb kombinasiyası ilə birlikdə salto kombinasiyasının hündürlüyü onu Ukraynadan, Rusiyadan olan rəqibləri və daha 9 iştirakçı üçün əlçatmaz edib.

Digər təmsilçimiz Aydın Əliyev turnirdə yeddinci olub.
Azərbaycan bayrağı akrobatların şərəfinə də Ukraynadakı idman kompleksində yüksəklərə qaldırılıb. Belə ki, Seymur Cəfərov-Murad Əkbərovdan ibarət kişi gimnastların dueti ikinci, Jalə Abbasova-Nikita Trarovdan ibarət qarışıq cütlük isə üçüncü olub.

Xəbər 1042 dəfə oxundu.