Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya və Olimpiya çempionu Fərid Mansurovu və Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının baş məşqçisi Elçin Cəfərovu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Prezident sarayında yunan-Roma güləşi üzrə Bakıda keçirilən dünya çempionatının qızıl medalına layiq görülmüş Olimpiya çempionu Fərid Mansurovu və Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının baş məşqçisi Elçin Cəfərovu qəbul etmişdir.
Dövlətimizin başçısı Bakıda keçirilən dünya çempionatının qızıl medalçısı Fərid Mansurovu tarixi qələbə münasibətilə təbrik etdi. Prezident İlham Əliyev bildirdi ki, bu yarış Azərbaycanda güləş üzrə keçirilən ilk dünya çempionatıdır və siz bu çempionatın ilk azərbaycanlı qalibi kimi böyük qəhrəmanlıq nümayiş etdirdiniz. Ağır zədədən sonra belə bir qələbə qazanmağı yüksək dəyərləndirən dövlətimizin başçısı Fərid Mansurovu bu münasibətlə bir daha təbrik edərək, bu nailiyyəti Azərbaycan idmanının böyük uğuru və xalqımızın sevinci kimi qiymətləndirdi.
Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Elçin Cəfərov Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edərək dedi: “Cənab prezident, Sizin bizə göstərdiyiniz etimadı doğrultduğumuza görə sevincimizin həddi-hüdudu yoxdur. Məşqlər zamanı ağır zədə almış Fərid Mansurov məhz Sizin qayğınız sayəsində əməliyyat olunaraq sağlamlığını bərpa etdi, indi isə xalqımızı qələbəsi ilə bir daha sevindirdi. Sizin yarışlara hər gəlişiniz həmişə bizə və xalqımıza böyük qələbə sevinci yaşadır”.

18 sentyabr 2007-ci il

Xəbər 1151 dəfə oxundu.