Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti Yozef Blatteri və Avropa Futbol Assosiasiyaları İttifaqının prezidenti Mişel Platinini qəbul etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasında Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatteri və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platinini qəbul etmişdir.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən Yozef Blatter Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini söylədi. O, Azərbaycan dövlətinin idmanın inkişafına olan qayğısını, Milli Olimpiya Komitəsinin prezidenti və ölkənin rəhbəri kimi İlham Əliyevin idmana böyük diqqət göstərdiyini xüsusi vurğuladı və dedi ki, Azərbaycan beynəlxalq idman aləmində mövqeyini möhkəmləndirir.
Prezident İlham Əliyev xoş sözlərə görə təşəkkür edərək, ölkəmizdə idmana xüsusi diqqət göstərildiyini, gələcək nəslin sağlam böyüməsi üçün idmanın böyük əhəmiyyəti olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycanda iqtisadi tərəqqinin əldə olunması idmanın inkişafına təkan verir, idmançılarımız uğurlar qazanır. Sizin Azərbaycana səfəriniz və görüşləriniz ölkəmizin idman sahəsində beynəlxalq əlaqələrinin daha da genişlənməsinə xidmət edir.
Prezident İlham Əliyev Yozef Blatterə dünyada futbolun inkişafındakı xidmətlərinə görə fəxri diplom, Mişel Platiniyə “Şöhrət” ordeni təqdim etdi.
Yozef Blatter isə Azərbaycan Prezidenti İlham Əliyevə FİFA-nın xatirə nişanını təqdim etdi.
Qonaqlar bu yüksək diqqətə görə prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

17 oktyabr 2007-ci il

Xəbər 1286 dəfə oxundu.