“Azərreyl”in kapitanı yenidən meydançaya çıxacaq
Oksana Parxomenko geri qayıdır. Bir ildən çoxdu zədə üzündən meydana çıxmayan voleybol yığmamızın və “Azərreyl”in kapitanı yenidən meydançaya çıxacaq.

“İqtisadçı”yla 8-ci turdan təxirə salınan oyunda “Azərreyl”in ehtiyat oyunçuları arasında yer alan və meydançadakı komanda yoldaşlarını dəstəkləyən toppaylayıcı böyük ehtimalla, martın 3-də voleybol həsrətinə son qoyacaq. “Qırmızı-qaralar”ın baş məşqçisi Alessandro Kiappininin superliqanın 17-ci turu çərçivəsində “Lokomotiv Biləcəri”ylə keçiriləcək görüşdə oyunqurucusuna şans verəcəyi gözlənilir.

Qeyd edək ki, Parxomenko ötən il yanvarın 17-də Çempionlar Liqasının D qrupunun qarşılaşmasında sıradan çıxmışdı. Bakı İdman Sarayında “Tomis”lə matçın ilk setinin sonlarında yerə düşərkən ayağını burxaraq diz bağlarını qıran Oksana cərrahiyyə əməliyyatından sonra uzun müddət bərpa kursu keçmişdi.

Xəbər 944 dəfə oxundu.