Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Prezident sarayında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı cənab Jak Roqqun BOK-un prezidenti kimi Azərbaycana ilk dəfə səfər etdiyini bildirdi və onunla əvvəllər keçirdiyi görüşləri məmnunluqla xatırladı. Ölkəmizdə bir sıra beynəlxalq idman tədbirlərinin, o cümlədən Afina Olimpiya oyunlarına lisenziya verən boks, voleybol və taekvondo üzrə nüfuzlu idman yarışlarının yüksək səviyyədə təşkil edildiyini bildirən dövlətimizin başçısı Azərbaycanda ənənəvi olmayan idman növlərinin inkişafına da diqqət yetirildiyini bildirdi. Prezident İlham Əliyev ölkəmizdə geniş idman infrastrukturunun yaradılması ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərə toxunaraq qeyd etdi ki, Azərbaycanda beynəlxalq standartlara tam cavab verən 13 regional idman kompleksi istifadəyə verilmiş, 23 idman mərkəzi isə tikilməkdədir. Prezident İlham Əliyev idmançıların sosial şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirildiyini vurğuladı. “İdman təkcə uğurlar və nailiyyətlərdən ibarət deyil, həm də millətin gələcəyidir” deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan idmanın inkişafı ilə bağlı öz siyasətini bundan sonra da davam etdirəcəkdir.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq Azərbaycanda bütün sahələrdə dinamik inkişafın şahidi olduğunu məmnunluqla ifadə etdi. Azərbaycanda idman sahəsində görülən işləri, Olimpiya Hərəkatının geniş vüsət aldığını xüsusi vurğulayan Jak Roqq prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.

6 fevral 2008-ci il

Xəbər 1351 dəfə oxundu.