Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Beynəlxalq Tennis Federasiyasının prezidenti Françesko Riçi Bittini və Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişevi qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Prezident sarayında Beynəlxalq Tennis Federasiyasının prezidenti Françesko Riçi Bittini və Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişevi qəbul etmişdir.
Dövlətimizin başçısı ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini, son illər bu sahəyə dövlət tərəfindən böyük diqqət göstərildiyini, ayrı-ayrı regionlarda dünya standartlarına uyğun müasir idman infrastrukturunun yaradıldığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanda tennisin inkişafı üçün də müasir infrastrukturun yaradılacağına əminliyini söylədi.
Ölkəmizdə tennisin böyük ənənəyə malik olduğunu vurğulayan Beynəlxalq Tennis Federasiyasının Prezidenti Françesko Riçi Bitti Azərbaycan tennis məktəbinin Əhmərov, Lixaçov, Biryukova kimi yetirmələri olduğunu xatırlatdı. O, bu sahənin inkişaf etdirilməsi üçün ölkəmizdə əsaslı bazanın olduğunu vurğuladı. Françesko Riçi Bitti əmin olduğunu bildirdi ki, Azərbaycanda idmana göstərilən böyük diqqət tennisin inkişafında da mühüm rol oynayacaqdır.

11 mart 2008-ci il

Xəbər 1401 dəfə oxundu.