Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Rusiya Federasiyasının Kalmıkiya Respublikasının Prezidenti, FİDE-nin prezidenti Kirsan İlyumjinovu qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Prezident sarayında Rusiya Federasiyasının Kalmıkiya Respublikasının Prezidenti, FİDE-nin prezidenti Kirsan İlyumjinovu qəbul etmişdir.
Dövlətimizin başçısı şahmat üzrə mötəbər turnirin Azərbaycanda ilk dəfə keçirilməsindən və tanınmış şahmatçıların bu turnirdə iştirakından məmnunluğunu ifadə etdi. Ölkəmizdə şahmatın inkişafından danışan prezident İlham Əliyev şahmatçılarımızın, xüsusilə uşaq və gənclərin bu sahədə yaxşı nəticələr əldə etdiklərini dedi. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş FİDE-nin Qran-pri turnirinin ölkəmizdə keçirilməsi Azərbaycanda şahmatın daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.
Kirsan İlyumjinov Qran-pri turnirinin əhəmiyyətini qeyd etdi, tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirdi. Qonaq Azərbaycanda idmanın bütün sahələrinin, o cümlədən şahmatın inkişafına yüksək dövlət qayğısının göstərildiyini vurğuladı.

21 aprel 2008-ci il

Xəbər 1493 dəfə oxundu.