Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev güləş üzrə milli komandanın üzvlərini və məşqçilərini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də güləş üzrə milli komandanın üzvlərini və məşqçilərini qəbul etmişdir.
Prezident İlham Əliyev idmançılara müraciətlə dedi:
- Əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram və hamınızı bu böyük tarixi qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, doğrudan da tarixi qələbədir. İlk dəfə olaraq Azərbaycan idmançıları, Azərbaycan güləşçiləri Avropa çempionatında belə böyük qələbə qazanırlar. 5 qızıl medal, 2 gümüş medal, 2 bürünc medal - doğrudan da böyük qələbədir, böyük zəfərdir. Siz bütün Azərbaycan xalqını sevindirmisiniz. Bu gözəl qələbə ilə hamımızı ruhlandırmısınız. Bir daha sübut etmisiniz ki, Azərbaycanın idman şöhrəti çox yüksək zirvədədir. Azərbaycan sözün əsl mənasında idman dövlətidir. Ölkəmizdə idmanın inkişafının çox gözəl nəticələri vardır. Onu da qeyd etmək istəyirəm ki, Avropa çempionatından bir qədər əvvəl İranda keçirilmiş dünya kuboku yarışında da Azərbaycan güləşçiləri tarixi qələbə qazanmışlar. Dünya kubokunun sahibi olmuşlar, çox gərgin mübarizədə, çox çətin şəraitdə öz məharətlərini göstərmişlər. Avropa çempionatında əldə edilmiş qələbə və yenə də komanda hesabında birinci yeri tutması onu göstərir ki, dünya kubokundakı qələbə heç də təsadüfi xarakter daşımırdı. Bu, Azərbaycanda idmanın güləş növündə son illər ərzində görülən böyük işlərin praktik nəticəsidir.
Mən xüsusilə Güləş Federasiyasının fəaliyyətini qeyd etmək istəyirəm. Hesab edirəm ki, qısa müddət ərzində bu idman növündə çox böyük və ümidverici dəyişikliklər baş vermişdir. Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, sərbəst güləş üzrə Azərbaycan dünya miqyasında birinci ölkədir.
Mən məşqçilərin fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. Güləş Federasiyasının işinin təkmilləşməsində, əlbəttə ki, məşqçilərin rolunu xüsusilə qeyd edirəm və onlara öz minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə ki, ilk növbədə, bu qələbə idmançıların qələbəsidir. İdmançılar öz zəhməti, öz peşəkarlığı ilə bu böyük qələbəni qazanmışlar. Bir də demək istəyirəm ki, bütün Azərbaycan xalqını sevindirmişlər. Keçən il yay Olimpiya oyunlarında bizim yunan-Roma güləşçilərimiz daha da böyük nəticələr göstərmişdilər. Bu dəfə sərbəst güləş üzrə komanda daha güclü çıxış etmişdir. Bu da yəqin ki, təbiidir. Çünki hər dövrün öz hökmü var. Ancaq bu onu göstərir ki, hər iki güləşdə Azərbaycanın potensialı çox böyükdür və biz bu qələbə ruhunu Azərbaycanda daha da geniş təbliğ etməliyik. Bu, eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında da çox böyük amildir. Litvada beş dəfə Azərbaycanın dövlət himni səslənmiş, Azərbaycanın dövlət bayrağı qaldırılmışdır. Bu yarışları izləyən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirirdi.
Dövlətimizin başçısı bir daha Avropa çempionatında qazanılan qələbənin Azərbaycanın idman tarixində bənzəri olmadığını, bu uğurun Avropanın və Azərbaycanın idman tarixinə həmişəlik daxil olduğunu bildirdi. Prezident İlham Əliyev güləşçilərimizin hər birinin çıxışını idman qəhrəmanlığı adlandırdı, ölkəmizdə idmana kütləvi marağın olduğunu vurğuladı.
Güləş Federasiyasında aparılan işləri və məşqçilərin fəaliyyətini bir daha yüksək qiymətləndirən dövlətimizin başçısı dedi ki, mən idmançılarımıza da, məşqçilərimizə də inanırdım və Litvada qazanılan qələbə bu inamın əsaslı olduğunu göstərdi.
Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz kimi, idmanımız da çoxmillətlidir. Biz ölkəmizdə bir çox millətlərə mənsub insanların bir ailə kimi, dostluq və qardaşlıq şəraitində yaşaması ilə fəxr edirik və uğurlarımızda bu amilin də böyük əhəmiyyəti vardır.
Sonra sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudov görüşdə çıxış edərək dedi:
- Cənab prezident, Sizə öz adımızdan, məşqçilər korpusu adından, idmançılarımız adından öz minnətdarlığımızı bildiririk. Biz həmişə - istər dünya kuboku yarışlarında, istərsə də Avropa çempionatında Sizin diqqət və qayğınızı hiss etmişik.
Doğrudan da, son illər Azərbaycan idmanı, Azərbaycan güləşi öz yüksəliş dövrünü yaşayır. Bu da həqiqətən Sizin bizə göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Güləşçilərimiz də həmişə döşək üzərinə, xalça üzərinə çıxanda Sizin bizə olan isti münasibətinizi xatırlayırlar. Doğrudan da, son illər Güləş Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin birgə səyləri nəticəsində istər təlim-məşq toplanışlarının keçirilməsi, istər bazalarımızın olması baxımından heç bir problemimiz yoxdur. 1991-92-ci illərdə bunları, bugünkü nəticələrimizi yalnız xəyalımızda təsəvvür edə bilərdik. İndi bu xəyallar gerçəkləşibdir.
Çalışacağıq ki, qazanılan nəticələri qoruyub saxlayaq. Bizim hədəfimiz London Olimpiya oyunlarıdır. Sizin Pekin Olimpiya oyunlarından öncə idmançılara verdiyiniz tövsiyə hər zaman yaddaşımızdadır ki, birinci növbədə siz Azərbaycanı, Azərbaycanın bayrağını, Azərbaycanın himnini fikirləşməlisiniz. Biz çalışacağıq ki, Sizin bu sözlərinizi hər zaman yadda saxlayıb, gələcək beynəlxalq yarışlarda, - Avropa və dünya çempionatlarında və əsas hədəfimiz olan London Olimpiya oyunlarında da uğurla çıxış edək.
Milli komandamızın kapitanı Xetaq Qazyumov qazanılmış qələbələrdə dövlət başçısının dəstəyini həlledici amil kimi qiymətləndirdi:
- Cənab prezident, Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafına verdiyiniz töhfələrə görə Güləş Federasiyası və güləşçilər adından Sizə minnətdarlığımızı bildiririk. Heç bir dövlət başçısı idmanın inkişafına Sizin qədər diqqət yetirmir. Biz bunu yüksək qiymətləndirir və Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Sizə bir daha “Çox sağ olun!” deyirik və Sizi yeni qələbələrlə sevindirməyə çalışacağıq.

* * *
“Bu qələbə gələcək uğurlarımız üçün baza olacaq” deyən prezident İlham Əliyev idmana bundan sonra da qayğı göstəriləcəyini, bunun Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu dedi.
Dövlətimizin başçısı komandanın üzvləri olan qızların qələbəsini xüsusi vurğuladı. Bildirdi ki, bu, əslində, Güləş Federasiyasının fəaliyyətində yeni, həm də uğurlu elementdir. Əldə olunan uğurlar, ilk növbədə, ölkəmizdə gedən inkişafın nəticəsidir”. Prezident İlham Əliyev idmançıların hamımızın fəxri olduğunu vurğuladı və onlara yeni qələbələr arzuladı.
Görüş iştirakçıları Prezident sarayının qarşısında dövlətimizin başçısı İlham Əliyevlə xatirə şəkli çəkdirdilər.

7 aprel 2009-cu il

Xəbər 1309 dəfə oxundu.