Azərbaycan qrossmeyster məktəbi
Böyük usta - şahmat aləmində ən yüksək dərəcəni ifadə edən kəlmənin dilimizə tərcüməsi belədir. Hazırda FİDE tərəfindən müvafiq normaları ödəyən şahmatçılara verilən bu adı 100 il öncə müxtəlif beynəlxalq turnirlərin qalibləri daşıyırdılar. Onlara qrossmeyster və ya veltmeyster deyərdilər. Yalnız qrossmeysterlərin iştirakı ilə təşkil olunan ilk turnirlər Ostendedə (1905-ci il), San Sebastyanda (1911-ci il), Peterburqda (1914-cü il) keçirilmişdi. Ötən əsrin birinci yarısında A.Alyoxin, O.Bernşteyn, F.Zemiş, X.Kapablanka, P.Keres, E.Lasker, S.Tartakover, M.Çiqorin, M.Eyve və s. şahmatçılar qrossmeyster hesab edilirdilər.
Sovetlər birliyində qrossmeyster adı 1927-ci ildə təsis edilmişdi. Bu ada dünyada ilk rəsmi yiyələnən isə 1929-cu ilin SSRİ çempionu Boris Verlinski hesab olunur.
Müasir şahmatda ən yüksək dərəcəni bildirən bu ad - "beynəlxalq qrossmeyster" kimi də səslənir. FİDE tərəfindən 1949-cu ildə təsis edilmiş həmin ada 1950-ci ildə ilk olaraq 27 şahmatçı layiq görüldü: - O.Bernşteyn, İ.Boleslavski, İ.Bondarevski, M.Botvinnik, D.Bronşteyn, M.Vidmar, E.Qrünfeld, O.Duras, F.Zemiş, P.Keres, B.Kostiç, A.Kotov, Q.Levenfiş, A.Liliental, Q.Marotsi, J.Mizes, M.Naydorf, B.Raqozin, S.Reşevski, A.Rubinşteyn, L.Sabo, V.Smıslov, S.Tartakover, R.Fayn, S.Flor, Q.Ştalberq və M.Eyve.
Qadın şahmatçılara beynəlxalq qrossmeyster adı 1976-cı ildən verilməyə başlanıb. İlk qadın qrossmeysterləri sırasında 5-qat dünya çempionu Nona Qaprindaşvili, həmçinin N.Aleksandriya, Y.Bıkova, M.Litinskaya və başqaları ilə yanaşı, Azərbaycan şahmat məktəbinin yetirməsi, hal-hazırda İsraildə yaşayan Tatyana Zatulovskayanın da adı var idi. Bunu, qadınlar arasında dərəcə olsa belə, Azərbaycan qrossmeyster məktəbinin başlanğıcı da hesab etmək olar.
Ancaq bildirmək lazımdır ki, qadın və kişi qrossmeysterlərin müqayisəedilməz dərəcədə fərqləri var. Çox nadir qadın şahmatçılar kişilərlə eyni səviyyədə yarışa və onlarla bərabər qrossmeyster adı qazana bilirlər. Məsələn, gürcü Nona Qaprindaşvili qrossmeyster olduqdan 2 il sonra kişilər arasında da müvafiq ada yiyələndi. Müasir şahmatda isə kişi qrossmeysterləri sırasında layiqli yerini tutan qadın nümunəsi macar Yudit Polqardır.
Azərbaycan şahmatının tarixinə dönərək qeyd edək ki, kişi şahmatçılar arasında ilk qrossmeysterimiz 1978-ci ildə bu ada yiyələnmiş Vladimir Bağırovdur. 1980-ci ildə gələcək dünya çempionu Harri Kasparov "böyük usta"lar cərgəsinə qoşuldu. Azərbaycan şahmat məktəbinin daha bir nümayəndəsi Vladimir Makoqonov həmin titula 1987-ci ildə yetişdi.
Bütün bu adlar sovet dönəmində qrossmeyster olan şahmatçılarımızdır. Müstəqilliyimizin ilk illərində onların sırası genişləndi. Bu sıradan qadınlar arasında qrossmeyster dərəcəsini Aynur Sofiyeva, kişilər arasında isə Elmar Məhərrəmov aldı. A.Sofiyeva bu ada 1991, E.Məhərrəmovsa 1992-ci ildə yiyələniblər. Daha sonra 1994-cü ildə Firuzə Vəlixanlı və İlahə Qədimova qadın qrossmeyster adını aldılar. 1995-ci ildə Sərxan Quliyev qrossmeysterlər cərgəsinə qoşuldu. 1996-cı ildə Azərbaycan şahmat məktəbinin daha bir yetirməsi bu dərəcəyə çatdı. Lakin Emil Sutovski o vaxt artıq İsrail vətəndaşı idi. Ötən əsrdə qrossmeyster adını son alan şahmatçımız isə Azər Mirzəyevdir.
Bütün bunlar Azərbaycan şahmatının 20-ci əsr qrossmeyster məktəbinin nümayəndələridir. 2001-ci ili isə yeni nəsil Azərbaycan şahmat qrossmeysterləri məktəbinin başlanğıcı hesab etmək olar. 10 il öncə - 2001-ci ilin 25 martında FİDE o zaman üçün ən gənc şahmatçıya - Teymur Rəcəbova bu adı verdi. Bu səbəbdən də, qeyd etdiyimiz kimi, yeni nəsil Azərbaycan qrossmeyster məktəbinin başlanğıcı hesab etdiyimiz tarixin 10-illiyində şahmatımızın "dərəcəli" tarixinə bir nəzər salmaq istədik.
Teymur Rəcəbov 2000-ci ilin sonlarında Budapeştdə beynəlxalq turnirdə ilk qrossmeyster balını, 2001-ci ilin yanvarında Veyk an Zeedə ikinci balını toplamışdı. Martın 25-də FİDE tərəfindən müvafiq adı təsdiqlənəndə onun 14 yaşından cəmi 13 gün keçmişdi. Bu isə dünyada ən gənc qrossmeyster demək idi.
20-ci əsrin şahmat qəhrəmanı Bobbi Fişer qrossmeyster adını 15,5 yaşında, qadın şahmatının lideri olan Yudit Polqar 15 yaş 5 ayında qazanmışdı. Macar Peter Leko 14 yaşından bir qədər sonra, ukraynalı Ruslan Ponomaryov isə 14 yaşı tamam olandan 17 gün sonra "böyük usta" olmuşdular. Bununla da Teymur mövcud rekordu 4 gün təzələmiş oldu. Sonradan Rəcəbovun da nəticəsi təzələndi.
Teymurdan sonra Qədir Hüseynov, Vüqar Həşimov, Cəmil Ağamalıyev, Rüfət Bağırov qrossmeysterlər sırasına qoşuldular. Daha sonra Rauf Məmmədov, Şəhriyar Məmmədyarov, Fərhad Tahirov, Rəsul İbrahimov, Namiq Quliyev, Nicat Məmmədov, Fərid Abbasov, Rəşad Babayev, Eltac Səfərli qrossmeyster oldular. Ötən il bu sıraya Vasif Durarbəyli qoşuldu. Bu ada hələ ki, sonuncu yiyələnən şahmatçılarımız isə Nicat Abbasov və Vüqar Rəsulovdur. Bu ay qrossmeyster adı FİDE tərəfindən təsdiqlənən həmin iki şahmatçımızdan Vüqar Rəsulov hələ ki, müvafiq əmsalı çatmadığından (2499), bu adı tam hüquqla daşıya bilmir.
Fəal şahmatçılar sırasında olan qadın şahmatçılarımız arasında isə qrossmeyster adını Zeynəb və Türkan Məmmədyarova bacıları daşıyırlar.
Hazırda Azərbaycan şahmatçılarından 23-ü qrossmeysterdir ki, onlardan 18-i kişi, 5-i qadındır. Fəal qrossmeysterlərimiz isə 16-sı kişi, 2-si qadın olmaqla, 18 nəfərdir.
Vüqar İNQİLABOĞLU


Xəbər 1855 dəfə oxundu.