Əjdər Cəfərov: AGF-in mövqeyi FİLA-nın mövqeyi ilə eynidir
Avropa Olimpiya Komitəsi hazırda 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarının proqramının və bu proqrama daxil ediləcək idman növlərinin siyahısının hazırlanması davam edir. İdman.com.az saytının məlumatına görə, Azərbaycan idman ictimaiyyəti milli idman növü olan güləşin bu oyunlarda təmsil olunacağını səbirsizliklə gözləyir.

Oyunlara hazırlıqla bağlı Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov awf-az.org-a açıqlama verib. Olimpiya dərəcəli hakim Əjdər Cəfərov bildirib ki, bu məsələdə AGF-in mövqeyi FİLA-nın mövqeyi ilə eynidir.

“Beynəlxalq Güləş Federasiyası - FİLA-nın sabiq prezidenti Rafael Martinetti hələ 10 dekabr 2012-ci il tarixli məktubunda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkeyə FİLA-nın rəsmi mövqeyini bildirmişdir. Bu mövqe isə ondan ibarətdir ki, FİLA 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının hazırlanmaqda olan proqramında güləşin 3 növ üzrə, hər biri 7 çəki dərəcəsində təmsil olunmasına razıdır.

Azərbaycan Güləş Federasiyası bu mövqe ilə eyni fikirdədir və güləşin Oyunların proqramına salınacağı təqdirdə yarışların yüksək səviyyədə təşkili üçün maksimum səy göstərəcək. Azərbaycanın güləş yığmasının hər bir üzvü Birinci Avropa Oyunlarında yüksək əyarlı medallar qazanmaqla ölkəmizin bayrağını yüksəklərə ucaltmağa və öz qələbələri ilə xalqımızı sevindirməyə çalışacaq”.

Xəbər 1056 dəfə oxundu.