Mingəçevir şəhərində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması ilə əlaqədar əlavə tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı proqramlarının icrası çərçivəsində ölkəmizin şəhər və rayonlarında bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər uğurla həyata keçirilir.
Mingəçevir şəhərində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması ilə əlaqədar işlərin sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Mingəçevir şəhərində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 noyabr 2009-cu il.

Xəbər 1171 dəfə oxundu.