«Mineyrau» stadionu azarkeşləri qarşılamağa hazırdır
2014-cü il futbol millilərinin Dünya Kuboku üçün yenilənən və Belu Orizonteda yerləşən «Mineyrau» stadionu Braziliyada ən məşhur idman oyunlarına ev sahibliyi etməyə hazırdır. Tarixinin ən möhtəşəm yarışlarının keçiriləcəyi məkanlardan biri olacaq stadion 2 ilyarım idi fəaliyyətini dayandırmışdı. Planda nəzərdə tutulduğu kimi, keçən həftə stadion yenidən istifadəyə verilib.

2013-cü ildə stadionda Konfederasiyalar Kubokunun oyunları keçiriləcək. «Mineyrau» 2016-cı ilin olimpiya oyunlarının da futbol matçlarını qəbul edəcək. O, Rio de Janeyrodan kənarda yerləşən 4 belə stadiondan biri olacaq. Digər 3 şəhər Brazilia, San Paulu və Salvadordur.

Təmir işləri zamanı stadiona 64 min oturacaq, 90 otaq, restoranlar və VİP salonlar əlavə edilib. Avtodayanacaq üçün 2,8 min yerlik boş ərazi, mətbuat sahəsi üçün 3 min yerlik salon inşa olunub. Stadionun ətrafında 65 min nəfərin yerləşə biləcəyi 80 min kvadrat metrlik açıq ərazi düzəldilib.

Stadion ətrafında 7 min kvadratmetrlik ərazidə restoranlar, barlar və mağazalar inşa olunacaq. «Mineyrau»nun özəlikləri sırasında dam örtüyünün müasir standartlara uyğun inşa edilməsidir. Stadionun dam örtüyü günəş şüalarını elektirik enerjisinə çevirən texnologiyarla təchiz olunub. Stadionun 6 milyon litrlik su anbarı 3 ay ərzində tikiləcək.

Maraqlıdır ki, anbar stadionu su ilə təmin etməklə yanaşı, həm də yağış suyunu təkrar istifadə üçün yararlı hala gətirən avadanlıqlarla da təchiz ediləcək.

Aynurə Pənahqızı

Xəbər 1037 dəfə oxundu.