Kamandar Məcidov: Azərbaycan yığmasına yeni nəsil gəlir
«Azərbaycan güləşçilərinin Londonda çıxışını yüksək qiymətləndirirəm»

«Vəhbi Əmrənin xatirəsinə təşkil olunmuş beynəlxalq turnirdə Azərbaycan güləşçilərinin də çıxışını izlədim. Düzü desəm, heyətdə Vitali Rəhimovdan başqa heç kimi tanımadım. Hamısı yeni uşaqlar idi. Demək, komandanıza yeni nəsil gəlir».

Bu açıqlamanı «İdman» qəzeti və idman.com.az saytının İstanbula ezam olunmuş əməkdaşına Belarus millisinin baş məşqçisi Kamandar Məcidov verdi. Həmyerlimizin sözünə görə, əsas heyətin yeni üzvlərində yarış təcrübəsizliyi açıq-aşkar hiss olunur:

«Gənc güləşçilər nə qədər çox yarışda iştirak etsələr, bir o qədər çox təcrübə yığarlar. Bu baxımdan, İstanbul turniri onlar üçün yaxşı sınaq oldu. Yəqin ki, məşqçilər heyəti gənclərə başqa yarışlarda da şans verəcək».

Olimpiya, dünya və Avropa çempionu bahadırlarımızın London olimpiadasındakı çıxışına da toxundu. O, bildirdi ki, pəhləvanlarımız dördilliyin ən böyük idman bayramında möhtəşəm çıxış etdilər:

«Azərbaycan güləşçilərinin London olimpiadasında çıxışını yüksək qiymətləndirirəm. Sizin güləşçilər ümumilikdə, əla nəticələr qazandılar. Bu onu göstərir ki, Azərbaycan güləşində inkişaf var».

KAMRAN

Xəbər 2749 dəfə oxundu.