Azərbaycanda Olimpiya Hərəkati və İdman Muzeyinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Qədim və zəngin tarixə malik Azərbaycan idmanı xalq mədəniyyətinin ayrılmaz hissəsini təşkil edərək, milli-mədəni irsimizin çox sayda abidələrində öz əksini tapmışdır. Qobustan qayaüstü rəsmlərindəki təsvirlərdə, Dədə Qorqud dastanlarında və digər folklor mənbələrində fiziki kamillik və sağlam həyat tərzi ilə yanaşı, milli oyunların və idmanın uzaq keçmişindən xəbər verən qəhrəmanlıq nümunələri tərənnüm olunur. Orta əsrlərdə Azərbaycanın Xaqani Şirvani və Nizami Gəncəvi kimi görkəmli söz ustalarının əsərlərində o dövrün geniş yayılmış atçapma, qılıncoynatma, oxatma, güləş, şahmat, daşqaldırma, sürpapaq və çövkən kimi xalq oyunlarından ətraflı bəhs edilir. Tarixən Azərbaycanın bölgələrində qədim idman oyunları və yarışlarının keçirildiyi zorxanalarda ən güclü pəhləvanlar yetişmiş, məhz onların sayəsində güləş ənənələri nəsildən-nəslə ötürülərək dövrümüzədək gəlib çatmışdır. Ötən əsrin əvvəllərində pəhləvanlarımızdan Sali Süleyman və Rəşid Yusifovun adları geniş şöhrət tapmışdır.
XIX əsrin ortalarından etibarən Bakıda neft sənayesinin misli görünməmiş yüksəlişi nəticəsində başlanan iqtisadi dirçəliş ölkəmizdə həm də idmanın bütün sahələr üzrə inkişafına və yeni idman növlərinin yayılmasına gətirib çıxarmışdır. XX əsrin əvvəllərində Azərbaycanda artıq idman təşkilatları və cəmiyyətləri yaradılmış, ilk rəsmi şəhər birincilikləri və digər yarışların keçirilməsinə başlanılmışdır. Həmin vaxtdan respublikanın digər rayon və şəhərlərində də müxtəlif idman növləri üzrə bölmə və klublar təşkil olunmuş, əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün idman-sağlamlıq mərkəzlərinin qurulması istiqamətində işlər aparılmışdır. Ölkəmizdə idmanın maddi-texniki bazasının yaradılması sahəsində ötən əsrin 70-ci illərində həyata keçirilən məqsədyönlü işlərin nəticəsində şəhər və rayonlarımızda idman məktəbləri açılmış, ənənəvi idman növləri ilə yanaşı, idmanın başqa növləri də inkişaf etməyə başlamış, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olanların sayı xeyli artmışdır.
Sovetlər İttifaqının Beynəlxalq olimpiya hərəkatına 1952-ci ildə qoşulması ilə Azərbaycan idmanı daha da inkişaf etməyə başlamışdır. Həmin ildən etibarən idmançılarımız SSRİ yığma komandasının tərkibində 9 Olimpiadada iştirak edərək, yüksək nəticələr göstərmiş və 10 qızıl, 11 gümüş, 7 bürünc medal qazanmışlar.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə Milli Olimpiya Komitəsi təsis olunmuş və idmançılarımız Olimpiya oyunlarında, habelə rəsmi beynəlxalq yarışlarda ölkəmizin bayrağı altında çıxış etməyə başlayaraq, onun idman şərəfini layiqincə qorumuşlar. Olimpiyaçılarımız həmin il Barselona Olimpiadasında Müstəqil Dövlətlər Birliyinin yığma komandası tərkibində çıxış etmiş və iki qızıl medal qazanmışlar. Azərbaycan müstəqil dövlət kimi Beynəlxalq olimpiya hərəkatına qoşulduqdan sonra Atlanta, Sidney və Afina Yay Olimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 5 bürünc medala layiq görülmüş, Naqano və Solt Leyk Siti Qış Olimpiya Oyunlarında isə iştirak etmişdir.
1994-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması ilə idman sahəsində mühüm tədbirlər həyata keçirilmiş, bölgələrdə onun inkişafına diqqət artırılmış, idmançılarımızın beynəlxalq əlaqələri geniş vüsət almışdır. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə 2000-2007-ci illərdə Bakı şəhərində və respublikamızın regionlarında 13 olimpiya mərkəzinin inşa olunması bu proseslərə qüvvətli təkan vermişdir. 2008-2009-cu illər ərzində isə daha 23 olimpiya kompleksi tikiləcəkdir.
Respublikamızın son illər artan potensialı nəticəsində beynəlxalq idman tədbirlərinin, o cümlədən bir çox idman növü üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi şəkil alması Azərbaycan idmanının inkişaf səviyyəsinin parlaq göstəricisidir.
Ölkəmizdə qazanılmış idman nailiyyətlərinin nümayiş etdirilməsi ilə yanaşı, idman tarixinin öyrənilməsi və təbliği, gənc nəslə sağlam həyat tərzi vərdişlərinin aşılanması və onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması işi, eləcə də Olimpiya ideallarına sadiqlik Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin yaradılmasını zəruri edir.
Azərbaycanın idman tarixinin və olimpiya hərəkatında əldə etdiyi uğurların mədəni sərvət kimi öyrənilməsi və təbliğinin daha da gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyi yaradılsın.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə bağlı təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 yanvar 2008-ci il.

Xəbər 1125 dəfə oxundu.