“Qarabağ” növbəti transferini reallaşdırmağa hazırlaşır
“Qarabağ” növbəti transferini reallaşdırmağa hazırlaşır. Kristian Torresi, Elvin Musazadə və Branimir Subaşiçi heyətinə qatan ağdamlıların bu dəfəki transferi əcnəbi futbolçu olacaq.

“Qarabağ” braziliyalı Reynaldonu heyətinə qatır. Antalyada komandanın düşərgəsinə qoşulan 23 yaşlı futbolçu Belçikanın “Anderlext” klubundan gəlib və birbaşa müqaviləyə imza atacaq.

23 yaşlı yarımmüdafiəçi Braziliyanın “Rekife” klubunun yetirməsidi. Peşəkar karyerasına 2007-ci ildə vətənində – “Nautiko” klubunda (2007-2008, 7 oyun) başlayan Reynaldo 2008-ci ildə “Anderlext”ə transfer olunub. O, indiyədək bu komandanın heyətində cəmi 5 oyuna çıxa bilib (2009-2010 mövsümünün əvvəlində 3, 2011-2012 mövsümünün əvvəlində 1, cari mövsümdə 1 oyun).

Tam adı Reynaldo dos Santos Silva olan futbolçu 2009-2011-ci illərdə Belçikanın “Serkl Brügge” (48 oyun, 11 qol), ötən mövsüm isə “Vesterlo” (2011-2012, 13 oyun, 8 qol) klubuna icarəyə verilib.

Xəbər 875 dəfə oxundu.