Gənclər və idman naziri Azad Rəhimov Albaniyada rəsmi səfərdədir
Azərbaycanla Albaniya arasında gənclər və idman
sahələrində əməkdaşlıq proqramı imzalanıb


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında 2013-2015-ci illərdə gənclər və idman sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və genişləndirilməsi məqsədilə nazir Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti Albaniyada rəsmi səfərdədir.

Səfərin ilk günü nümayəndə heyəti Albaniya Respublikasının baş naziri Sali Berişa, Parlamentin spikeri Josefina Topallı, Turizm, Mədəniyyət, Gənclər və idman naziri Aldo Bumçi və Tirana şəhərinin meri Lulzim Başa ilə rəsmi görüşlər keçirilib.

Baş nazir ilə keçirilən görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq imkanları, gənclər və idman sahələrində gələcək inkişaf perspektivləri müzakirə edilib.

Parlamentin spikeri xanım Josefina Topallı ilə görüş zamanı xanım Topallı Azərbaycanda həyata keçirilən gənclər və idman siyasətinin nümunəvi bir model olduğunu və bu sahələrdə təcrübə və məlumat mübadiləsinin Albaniya üçün vacibliyini qeyd edib.

Albaniya Respublikasının Turizm, mədəniyyət, gənclər və idman naziri ilə keçirilən görüşün sonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında “2013-2015-ci illərdə gənclər və idman sahələrində əməkdaşlıq proqramı” imzalanıb.

Tirana şəhərinin meri Lulzim Başa numayəndə heyəti ilə görüşündə gənclərlə bağlı keçirilən islahatlar haqqında məlumat verib.

Səfərin ikinci günü Tirana Universitetinin rektoru professor Dhori Kule və İdman Universitetinin rektoru professor Vesel Rizvanolli ilə görüşlərin keçirilməsi və hər iki ölkənin tələbələri arasında təcrübə mübadiləsi görüşlərinin, eyni zamanda Albaniya universitetlərində təhsil alan gənclər arasında “Mən Azərbaycan haqqında nə bilirəm” esse müsabiqəsinin təşkili ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılıb.

Xəbər 1401 dəfə oxundu.