Məsud Özil: «Messi qeyri-adi futbolçudu, mən də …»
Madrid «Real»ının türk ulduzu oyunçusu Məsud Özil Almaniya mətbuatına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, Madriddəki həyatından, transfer söz-söhbətlərinə qədər bir çox mövzuya toxunan futbolçu şəxsi həyatıyla əlaqədar da danışıb.

Dünyanın ən yaxşı məşqçisinin Maurinyu olduğunu deyən Özil portuqaliyalı ilə aralarında problemin olduğu söz-söhbətlərini də yalanlayıb: «Media hadisələri şişirdir. Mənə görə komandada hər kəs bir-birinə çox hörmətlə yanaşır».
«Mançester Yunaytedlə bağlı adı hallanan futbolçu, Madriddən ayrılmaq fikrinin olmadığını bildirib: «Madrid möhtəşəm bir şəhərdi. Ramos və Benzema kimi illərcə birlikdə oynamağı istəyəcəyim yoldaşlarım var. Karyeramı «Real»da bitirmək istəyərəm».

«Bavariya»nın baş məşqçi kürsüsünə Quardiolanı seçməsini məntiqli görən Məsud «Quardiolanı İspaniyadakı qarşılaşmalarımızdan tanıyıram. Amma onunla heç danışmamışam. Qazandığı kuboklar onun yerinə danışır» - deyib.
Bu mövsüm La Liqada «Barselona»dan xeyli geri qalmalarını sadə səhvlərə bağlayan Mesut, Çempionlar Liqası və Kral Kubokunda yollarına davam etdiklərini və gələcəyə baxdıqlarını söyləyib.

Messinin qeyri-adi bir futbolçu olduğunu deyən Özil «Messi qeyri-adi bir futbolçudu, lakin mən də «Barselona» qarşılaşmalarında nələr edə biləcəyimi sübut etdim. Dünyanın ən yaxşı klubunda oynayıram. Təbii ki mən də ən yaxşı olmaq istəyirəm. Böyük ümidlərim var və bunları reallaşdıra biləcəyimə də əminəm» - deyə bildirib.

Xəbər 1108 dəfə oxundu.