Beynəlxalq Velosipedçilər İttifaqını ciddi cəza gözləyir
Beynəlxalq Olimpiya Komitəsi velosiped idmanını Olimpiya oyunları proqramından çıxara bilər. Dəfələrlə «Tur de Frans» yarışlarının qalibi Lens Armstroqla bağlı dopinq qalmaqalında Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) da əli olduğu təsdiq edilərsə, BOK belə bir addımı atmaq məcburiyyətində qalacaq. Bu barədə rəsmi məlumat verən dünya olimpiya qurumunun üzvü, Beynəlxalq Anti Dopinq Agentliyinin keçmiş rəhbəri Dik Paund mətbuata məlumat verib. UCI rəhbərliyi, həqiqətən də, Armstronqun dopinqdən istifadə etməsinə göz yumduğunu etiraf edərsə, BOK ancaq o halda güzəşlərlə gedə bilər ki, dopinq qalmaqalının iştirakçıları öz günahlarını etiraf etmiş olsunlar. «Bu insanlar deməlidirlər ki, biz artıq Olimpiya oyunlarında iştirak etməyəcəyik, buna görə də gəlin hər şeyi əvvəlki vəziyyətinə qaytaraq», - deyə Dik Paund bildirib.

Sözügedən dopinq qalmaqalı ötən ilin oktyabrında başlayıb. Armstronq dopinq qəbulunda günahlandırılaraq, 1999-cu ildən 2005-ə kimi nail olduğu bütün titullardan məhrum edilib. Ötən həftə məlum olub ki, Armstronq Amerikanın məşhur teleaparıcısı, aktrisa və prodüser, ictimai xadim, dünyanın birinci və vahid qaradərili milyarder qadını Opre Uinfriyə verdiyi müsahibədə günahını boynuna alıb. Opre Uinfri bu barədə məlumatı onun yanvarın 17-də efirə çıxmış verlişindən bir neçə gün əvvəl açıqlayıb, qeyd edib ki, məşhur idmançıda gözlədiyi səmimiyyəti görməyib.

Armstronqun etiraflarına UCİ –nin reaksiyası ondan ibarət olub ki, informasiyanın həqiqiliyi təsdiq edilərsə, Armstronq beynəlxalq velosipedçilər ittifaqı qarşısında izahat verməli olacaq. Beynəlxalq Anti-dopinq Agentliyinin rəhbəri Devid Houmen də Armstronqdan izahat tələb edib. «Armstronq bu əməlini anti-dopinq orqanlarına səmimi şəkildə and içməklə etiraf edib, o, məsələ barədə olduğu kimi məlumat verərsə, ömürlük diskvalifikasiya məsələsinə yenidən baxıla bilər.
Məsələnin bizim Azərbaycan velosipedçiləri üçün acınacaqlı olmasının səbəbi isə bunun son illər ölkəmizdə idmanın bu növünə marağın artdığı bir dövrə təsadüf etməsidir. Ötən ilin son günləri Azərbaycan Velosiped Federasiyasının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Milli Parkda keçirdiyi aksiya da velosiped idmanının kütləvilik dərəcəsinin artmasının təsdiqi idi. Şaxta baba və Qar qız libası geyinmiş velosipedçilər parkda yürüş etdikdən sonra uşaqlara yeni il hədiyyələri paylayıblar. Bu aksiya ilə 2012-ci ilə yekun vuran velosipedçilərimiz ötən ildə çox böyük irəliləyişə nail olublar. Uzun müddət Azərbaycanda durğunluqda olan velosiped idmanı, nəhayət, hərəkətə gəlib. Ötən il may ayında Heydər Əliyevin xatirəsinə həsr olunmuş velosiped yürüşündə17 ölkədən 20 komanda iştirak etdi. Azərbaycan idmanı tarixində ilk dəfə olaraq velosipedçilər Avropa velosiped yürüşündə və qitə çempionatında iştirak etdilər. Yığmamızın üzvləri Yelena Çalıx, Elçin Əsədov və Toğrul İsgəndərov dünya çempionatına lisenziya qazandılar. London Olimpiadasında iştirak edən Yelena Çalıx ölkəmizin ilk olimpiyaçı velosipedçisi oldu.

Bu ayın sonu UCI Azərbaycanın «Synergy Baku Cycling» komandasını müxtəlif beynəlxalq yarışlarda iştirak etmək üçün qeydiyyata alacaq. Klubun tərkibinə daxil olan 15 velosipedçidən 6-sı Azərbaycan idmanının yetişməsidir, qalanları isə dünyanın müxtəlif ölkələrindən dəvət almışlar. Klubun heyətində Almaniya, Ukrayna, Danimarka, Malaziya idmançıları çıxış edəcəklər.

Federasiyanın müxtəlif regionlarında – Gəncədə, Neftçalada, Samuxda, Goranboyda keçirdiyi yarışlar velosiped idmanının ölkəmizdə yayılma coğrafiyasını genişləndirdi. Velosipedi sevənlər Rio-de Janeyroda daha böyük uğurlara ümid bəsləyirlər. Yəqin ki, BOK bir nəfərin və bir neçə federasiya rəhbərinin günahına görə minlərlə idmançını və idmansevərləri cəzalandırmağı özünə rəva bilməz.

Əli FƏRƏCOV, “İdman” qəzeti

Xəbər 1161 dəfə oxundu.