Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Bakıda
Böyük Britaniya Olimpiya Assosiasiyasının prezidenti, London Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri olmuş Lord Sebastyan Kou ölkəmizə səfəri çərçivəsində yanvarın 21-də Beynəlxlaq İdman Həyəcanı Proqramının irsinin davamçısı olan "İnkişaf Naminə İdman" İB-nin Azərbaycan Atletika Federasiyası ilə Bakı Olimpiya Kompleksində birgə təşkil etdiyi məşq prosesinə baş çəkib.

Bakı Olimpiya İdman Kompleksində keçirilən tədbir zamanı qonağa proqramın icrası barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, TOPs və Uşaq Atletikası proqramları üzrə təşkil edilmiş məşqdə Saray qəsəbəsinin 7 saylı xüsusi təyinatlı internat evindən olan əlilliyi olan uşaqlarla yanaşı Bakı şəhərinin 27 və 23 sayı məktəblərinin şagirdləri də iştirak edirdi. Məşqin əsas məqsədi sağlam və əlilliyi olan uşaqlra üçün inteqrasiyalı məşqin nümayiş etdirilməsi, həmçinin atletika idman növünün yeni proqram vasitəsilə təbliğindən ibarətdir.

Tədbirin sonunda London 2012 Oyunlarından gətirilimiş futbol topu iştirakçı uşaqlar tərəfindən imzalanaraq xatirə hədiyyəsi kimi Baron Kouya təqdim olunub. Bundan sonra xatirə şəkli çəkdirilib.

Jurnalistlərin suallarını cavablandıran cənab Kou Bakıya səfəri barədə təssüratlarını bölüşüb və Azərbaycanda idmana göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.

Qeyd edək ki, britaniyalı qonaq Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub. Bundan başqa qonaq Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimovla da görüşüb.

Xəbər 1688 dəfə oxundu.