Olimpiada-2020: Üç namizəd şəhər üçün son sınaq
2020-ci ildə keçirilməsi nəzərdə tutulan olimpiya oyunlarına ev sahibliyi etmək istəyən şəhərlərin seçkisi sürətlə yaxınlaşmaqdadır. Adı mübarizə siyahısında qalmış üç namizəd şəhərin – İstanbul (Türkiyə), Tokio (Yaponiya) və Madridin (İspaniya) nümayəndələri seçki bülletenlərini Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərində yerləşən mənzil-qərargahına təqdim ediblər.
Olimpiya Oyunlarının keçirilməsi üzrə icraçı direktor Cilbert Felli və Şəhərlərlə Əlaqə departamentinin rəhbəri Jaklin Barre namizədlərin sənədlərini rəsmən qəbul ediblər. İndi sənədlər Beynəlxalq Olimpiya Komitəsinin Qiymətləndirmə komissiyasında yoxlanılacaq.
Mart ayında Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Kreyq Redinin sədrliyi ilə sənədlərin təhlili keçiriləcək. Komissiya martın 4-dən 7-nə kimi Tokioya, 18-dən 21-ə kimi Madridə, 24-dən 27-ə kimi İstanbula səfər edəcəklər.
Namizədlərin təqdim etdiyi sənədlər texniki baxışın norma və tələblərinə uyğun gəldiyi halda, Beynəlxalq Olimpiya Komitəsinin üzvləri 2013-cü il iyulun 3 və 4-də Lozannada son qərar üçün toplaşacaqlar.

Xəbər 940 dəfə oxundu.