Straçan Şotland yığmasında
Qordon Straçan şotland yığmasının yeni baş məşqçisi olub. O, 2 ay öncə vəzifəsindən qovulmuş Kreyq Leveyni əvəz edib. İdman.com.az saytının məlumatına görə, Leveyn noyabrın 5-də istefaya göndərilmişdi. Şotlandiya yığması onun rəhbərliyi altındakı 3 il ərzində 12 rəsmi matçda cəmi 3 qələbə qazanıb. 55 yaşlı Straçansa 2010-cu ildən bəri işsiz idi. O zaman məşqçi «Middlsbro»nu tərk etmişdi. «Mançester Yunayted»in keçmiş yarımmüdafiəçisi, ölkəsinin «Aberdin»i ilə 1983-cü ildə Avropa Kuboklar Kubokunu qazanmış Starçan yığma ilə Avro-2016 seçmələrinin sonunadək müqavilə imzalayıb.

Daha öncə ölkəsində «Seltik»i də çalışdırmış məşqçi yeni təyinatı ilə bağlı deyib: «Bu təyinatla, mən də, ailəm də fəxr edirik. Bu, şotland yığmaının sükançısı vəzifəsinin nə qəjər nüfuzlu olduğunu bir daha sübut edir. Mən istəyirəm ki, Şotlandiya da öz futbol yığması ilə fəxr etsin. Düşünürəm ki, işi ələ almağın əsl vaxtıdı. Ən əsası insanları sevindirməkdi. Son 20 ildə Avropa futbolu nəzərəçarpan inkişafa nail olub. Yığmamıza uyğun gələcək taktikanı tapmaq lazımdı. İstənilən halda əla işdi və daha əvvəl qazandığım təcrübə mənə kömək edəcək. Yüksəlişlər də olacaq, enişlər də. Ancaq inanıram ki, müsbət emosiyalar daha çox olacaq».

Xəbər 956 dəfə oxundu.