Nuri Şahin qayıdır
«Liverpul»un Madrid «Real»ından icarəyə götürdüyü Nuri Şahin karyerasını Dortmund «Borussiya»sında davam etdirəcək. Bu xəbər alman klubunun rəsmi tvitterində verilir.

Futbolçunun geri dönüşü klubun şənbə günü keçirilən mətbuat konfransında elan edilib. Nuri Şahin Dortmunddan Madridə transfer olunduqdan sonra ispan klubunda zədələr səbəbindən, demək olar ki, meydan üzü görməmişdi. Bunun ardından «Real» futbolçunu «Liverpul»a icarəyə göndərmişdi. İndi isə türk futbolçu növbəti ilyarımı keçmiş klubu «Borussiya»da icarədə keçirməli olacaq. Sazişin təfərrüatı hələ ki, açıqlanmır.

İdman.com.az saytının məlumatına görə, dortmundluların baş məşqçisi Yurgen Klop komandasının keçmiş oyunçusunun qayıdışına öz münasibətini bildirib. Alman mütəxəssis türk yarımmüdafiəçinin dönüşünü heyranlıqla qarşılayıb: «Nuri çox keyfiyyətli oyunçudu. O bizə güc verəcək və yarımmüdafiədə variantların sayını artıracaq. Onun səyləri ilə biz komandanın hücum potensialının artmasına da ümid edə bilərik. O, mərkəzdə rəqabəti artırmağa qadirdir».

Xəbər 920 dəfə oxundu.