Boks üzrə yarımfinalçılar müəyyənləşib
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən böyüklər arasında boks üzrə Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşmişdir.

Yarışda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə Firdovsi Ələkbərovu məğlub etmişdir. Onun yarımfinaldakı rəqibi “Qızıl əlcək” klubunun üzvü Araz İmaməliyev olacaqdır.

Milli komandamızın üzvü Tural Əhmədov (52 kq) Rauf Ağazadəni vaxtından əvvəl tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanmışdır. Onun yarımfinaldakı rəqibi “Rabitə” İdman Cəmiyyətinin yetirməsi Əbdurrəhman Şirinov olacaqdır.

Ötən ilin son ayında Neft Ölkələrinin dünya kuboku yarışında bürünc medal qazanan İlkin Ağayev (56 kq) yarımfinalda uzun illər milli komandamızın üzvü olmuş Rəhim Nəcəfovla qarşılaşacaqdır. 2007-ci ilin dünya çempionatının bürünc medalçısı Samir Məmmədov isə Cavid Çələbiyevlə üz-üzə gələcəkdir.

19-22 yaşlılar arasında Avropa çempionu Elvin İsayev (60 kq) ¼ finalda gərgin mübarizə şəraitində Kamran Baxşəliyevi məğlub etmişdir. Elvin İsayev yarımfinalda Elnur Əliyevlə üz-üzə gələcəkdir. Gənclər arasında dünya çempionu Şaban Şahpələngov da yarımfinala vəsiqə qazananlar arasında olmuşdur.

Çempionatda 64 kiloqram çəki dərəcəsində mübarizə aparan Heybətulla Hacəliyev 14 finalda Coşğun Əliyevə qalib gəlmişdir. O, Avropa çempionatının bürünc mükafatçısı yarımfinalda Ruslan Qasımovla qarşılaşacaqdır. Bu çəkidə 2005-ci ilin dünya çempionatının gümüş mükafatçısı Ramal Amanov da yarımfinala vəsiqə qazanmışdır.

Yarışda 69 kiloqram çəki dərəcəsində favoritlərdən olan iki boksçu – Tamerlan Abdullayev və İsmət Eynullayev yarımfinalda üz-üzə gələcəklər.

London Olimpiadasının iştirakçısı Soltan Migitinovla (75 kq) gənclərdən ibarət milli komandamızın üzvü Saqi Salehli arasında görüş ikincinin zədələndiyindən sonadək davam etməmişdir. Yarımfinalda S.Migitinov Emil Əhmədovla qarşılaşacaqdır.

London Olmpiadasının daha bir iştirakçısı Vətən Hüsyenli (81 kq) 14 finalda Həsənəli Kazımov üzərində tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanmışdır. Bu çəkidə gənclər arasında Avropa çempionu Rauf Rəhimov da yarımfinala vəsiqə əldə etmişdir.

London Olimpiadasının bürünc, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov (91 kq) yarımfinala mübarizəsiz vəsiqə qazanmışdır. Onun rəqibi Qusar nümayəndəsi Zöhrab Şərifov görüşə çıxmaqdan imtina etmişdir.
AzərTAc

Xəbər 1021 dəfə oxundu.