“Xəzər Lənkəran”da yeni təyinat reallaşıb
“Xəzər Lənkəran”da yeni təyinat reallaşıb. Klubunun gənclər inkişaf proqramının rəhbəri vəzifəsinə İlhan Akgül təyin olunub.

Bu gün klubun ofisində türkiyəli mütəxəssislə 2 illik müqavilə imzalanıb. İlhan Akgül kkomandanın aşağı yaş qruplarına nəzarət edəcək.

Klubun rəsmi saytına müsahibəsində Akgül gələcək fəaliyyətinin uğurlu olacağına əminliyini bildirib: “Azərbaycan futbolu və “Xəzər Lənkəran” mənə yaxşı tanışdı, çünki mən 1 il burada çalışmışam. Bu amil mənim daha yaxşı nəticə göstərməyimə əlavə töhvə verəcək. Aşağı yaş qruplarına yüzlərlə uşaqlar gəlir və onlardan yalnız bir neçəsi yaxşı futbolçu kimi yetişir. Belə oyunçuları düzgün seçmək çox vacibdi. Biz çalışacağıq ki, futbolçular tək fiziki baxımdan yox, həm də insani və təhsil baxımından da inkişaf etsinlər. Bu məqsədlə bizim 2 növ məşqlərimiz olacaq: 1. futbolçuların problemsiz daha yuxarı yaş qruplarına keçməsi və uyğunlaşması üçün onların fiziki baxımdan təkmilləşdirilməsi; 2. fərdi xarakterin formalaşması, futbolçuların reaksiyasının, taktika və koordinasiyaya uyğunlaşmasının təmin edilməsi. Bu tədbirlər nəticəsində biz bacarıqlı futbolçuların yetişməsinə nail olacağıq, futbolçu qabiliyyəti olmayanlar isə Azərbaycan üçün yaxşı xarakterə və insani keyfiyyətlərə malik vətəndaş olacaqlar”.
Qeyd edək ki, 41 yaşlı İlhan Akgül “Xəzər Lənkəran”da idman direktoru vəzifəsində çalışan Cüneyt Biçer tərəfindən digər türk məşqçilərlə birlikdə “Xəzər Lənkəran”a dəvət olunmuş və bir il ərzində aşağı yaş qruplarını çalışdırmışdı. İlhan Akgül vaxtilə özü də futbolçu həyatı yaşayıb. O, 19 il Türkiyənin müxtəlif liqalarında çıxış edən komandalarda 500 oyun keçirib, o cümlədən 7 il Super Liqa təmsilçisi olmuş “Altay” klubunun şərəfini qoruyub. İlhan Akgül məşqçi qismində artıq 6 ildi ki, çalışır. O, UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdi. Mütəxəssis Türkiyə millisinin aşağı yaş qrupları üzrə koordinator və məşqçi köməkçisi vəzifələrində çalışıb.

Xəbər 821 dəfə oxundu.