Sabah Super Liqanın növbəti turunun oyunları keçiriləcək
Sabah Super Liqanın növbəti turunun oyunları keçiriləcək. XI turu Bakı klubları üçün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına hazırlıq kimi də qiymətləndirmək olar.

Belə ki, Azərbaycan çempionu “Rabitə” “İqtisadçı” ilə gücünü yoxlayacaq. Günün mərkəzi matçı sayılan bu dueldə qalibi praqnozlaşdırmaq çətindir. Çünki Marçello Abbondanzanın yetirmələri ilk oyunda qalib gəldiyindən “tələbələr” meydana revanş arzusu ilə çıxacaqlar.

Hər klub hələlik 1 dəfə uduzduğundan görüşün tay-brekə kimi uzanması da istisna deyil. Lakin qarşılaşmadan 5 gün sonra Fransa “Kann”ının qonağı olacaq “Rabitə” səfərə yüksək əhval-ruhiyyədə yollanmaq üçün qalib gəlməyə çalışacaq.

Günün ilk matçında “Azərreyl”in “Telekom” qarşısında çətinlik çəkəcəyi gözlənilmir. Çünki artıq uyğunlaşma dövrünü arxada qoyan “dəmiryolçular” Super Liqada ardıcıl 7-ci qələbələrini qazanmağı planlaşdırırlar.

Onlardan fərqli, “Bakı-Azəryol” – “Lokomotiv” matçının isə gərgin keçəcəyi sözsüzdür. Amma ikincilər görüşün favoritidirlər. Ötən il Super Liqanı ikinci yerdə bitirən “Lokomotiv” məğlub olacağı halda əsas rəqiblərindən çox uzaqlaşacaq. Əvəzində Aleksandr Çervyakovun yetirmələri ilk “üçlüyə” düşmək üçün özlərinə yaxşı şans qazanacaqlar.

Xəbər 818 dəfə oxundu.