Məşqçinin üzünə ağ olanlar
Mançini ilə Balotelli əlbəyaxa oldular

«Mançester Siti»nin məşqində baş məşqçi Roberto Mançini ilə hücumçu Mario Balotelli arasında münaqişə baş verib. Futbolçudan məşqi tərk etməyi tələb edən məşqçi cavabında ağrıverici fəndlə üzləşməli olub. Beləcə, «Siti»nin 2013-cü ildə ilk məşqi qalmaqalla nəticələnib və məşqçi ilə futbolçu az qala əlbəyaxa döyüşə də çıxacaqdılar.

Bu hadisənin başlanğıcını 22 yaşlı futbolçunun gənc yarımmüdafiəçi Skott Sinkleri məşq zamanı kobud şəkildə yerə yıxması qoyub. Mançininin ilk tələbi bir qədər yumşaq olduqda Balotelli ona əhəmiyyət verməyib, ikincisi bir qədər sərt səsləndikdə futbolçu məşqçinin yaxasından yapışıb. Davanın qarşısını Mançininin köməkçiləri Brayan Kidd və Massimo Battara alıblar.
Mançini indiyədək Balotellinin şıltaqlıqlarına çox dözürdü və hər vəhclə onu müdafiə edirdi. 2006-cı ildə məhz o, 16 yaşlı oğlan Marionu «İnter»ə çağırmışdı. Növbəti il isə ona əsas heyətdə yer verdi. 2010-cu ildə «Mançester Siti»də sevimli futbolçusunu yanına çağırdı.

«Mario mənim gözlərim önündə böyüyüb. Biz uzun illərdi ki, bir yerdə işləyirik. Ancaq onun artıq 22 yaşı var və artıq şıltaqlıqları bir kənara qoymaq lazımdı. Mən onun işə ciddi yanaşmasını çox istəyirəm» - bu sözləri Mançini «Stok Siti» ilə matç ərəfəsi deyib.

Balotelli bu yaxınlarda rejimi pozduğuna görə 418, 5 min avro cərimə almışdı. İndi onu daha böyük cəza gözləyə bilər. Hər halda onun bu qış klubu tərk edəcəyi də istisna olunmur. Onu «Milan» əldə etmək istəyir. Mario hələ 2010-cu ildə «Milan»a sevgisini etiraf etmiş, hətta komandanın köynəyini də əyninə keçirmişdi. İş ondadı ki, həmin dövrdə Balotelli «İnter»in şərəfini qoruyurdu.

İndi elə Mançininin də Mançesterdə yeri möhkəm deyil. Ümumiyyətlə, futbol aləmində məşqçi – futbolçu münaqişəsi nadir hadisə deyil. Ötənlərə baxsaq, belə hallara çox rast gəlmək olar. Məsələn, «Boka Xuniors»la yeni müqavilə bağlamağa hazırlaşan Xuan Roman Rikelme yayda klubu baş məşqçi Xulio Falsoni ilə münaqişə səbəbindən tərk etmişdi. O, Libertadores Kubokunun finalının təkrar matçında oynadıqdan sonra klubdan getmişdi. Özü də heç bir komanda da seçməmişdi. Onu istəyənlər çox olsa da, imtina edib yarım il dincəldi. Falsoni isə yarım il işlədikdən sonra «Boka»nı uğursuzluğa düçar etdi. Azarkeşlər dərhal məşqçi ilə futbolçu arasında münaqişəyni yada saldılar. Klub rəhbərliyi də məşqçini istefaya göndərdi. Rikelmenin müəllimi olan yeni baş məşqçi Karlos Byanki isə öz sevimlisini komandaya geri çağırdı.

Bir qədər uzağa getsək, Roy Kinin 2005-ci ildə Aleks Ferqyusonla mövsümlərarası dövrdə münaqişəsini yada sala bilərik. Buna səbəb irland futbolçunun yanvar ayında dedikləri sözlər olub. «Mançester Yunayted»in «Mdllsbro»ya 1:4 hesabı ilə yenilməsindən sonra Kin Con O’Şi, Alan Smit, Kiran Riçardson, Daren Fletçer və Rio Ferdinandı tənqidə tutmuşdu. Bundan sonra Ferqyusonla Kinin arasında yaşanan mübahisə futbolçu ilə müqavilənin pozulmasına gətirib çıxartdı.

Ruud van Nistelrooy da «Mançester Yunayted»i məhz Aleks Ferqyusonla münasibətləri korlandıqdan sonra tərk etmişdi. Niderlandlı futbolçu «Real»la müqavilə bağladıqdan sonra demişdi: «Mənim gedişimin kluba və ya azarkeşlərə heç bir aidiyyatı yoxdu. Buna səbəb məşqçi ilə münasibətlərin korlanması olub».

Hələ 1994-1995-ci illər mövsümündə Roberto Bacco «Yuventus»la ölkə çempionu olan dövrdə baş məşqçi Marçello Lippi ilə daima qalmaqallara girirdi. Nəticədə mövsümün sonunda Bacco «Milan»a satıldı. Yeni klubu ilə də zirvəyə ucalan Bacco İtaliya çempionluğunu iki il dalbadal iki müxtəlif klubda qazanan ilk futbolçu oldu.

İdman.com.az saytının məlumatına görə, bu hadisə 17 il öncə olub. Ancaq bu payız «Fənərbağça»nı uzun illərin lideri Aleksin tərk etməsi hər kəsin gözü qabağındadı. Braziliyalı baş məşqçi Aykut Qocamanla yola getmədi. Bəziləri deyirdilər ki, məşqçi Aleksin onun «Fənərbağça» formasında qol rekordunu təzələyəcəyindən qorxub braziliyalının yollanmasını təşkil etdi. İctimaiyyət qarşısında isə məşqçi futbolçunu klubun uğursuz nəticələrində ittiham etdi.
Bu payız məşqçi ilə münaqişədə olmuş daha bir braziliyalı futbolçu Rivaldo olub. O, Anqola «Kabuşpor»unun baş məşqçisi Viktor Bondarenko ilə anlaşa bilmirdi. Futbolçu öz tvitterində yazmışdı: «Hər gün futbola təəccüblənirəm. Məşqçi ehtiyat oyunçular skamyasında komandanın 3 ən yaxşı forvardını saxlayır – Mpeleni, Savanı və məni. Komandamız bu mövsüm 32 qol vurub və onlardan 22-si bizim hesabımızdadı. Mən çempionatın bombardirləri sırasında ikinci yerdə gedirəm. Mən bütün bunları başa düşə bilmirəm. Bundan sonra mənə elə gəlir ki, karyeramı başa vurmağa dəyər».

Nəticədə braziliyalı Anqolanı tərk etdi və hazırda klubsuzdu. Onun karyerasını bu cür başa vurması ancaq təəssüf doğura bilər.

Lap uzaq dövrlərə gediö «Real» əfsanəsi Alfredo Di Stefanonu da xatırlamaq olar. 1964-cü ildə madridlilər Çempionlar Liqasının finalında «İnter»ə uduzduqdan sonra futbolçu baş məşqçi Migel Munyosu tənqid etdi və məşqçi də buna dözməyib Di Stefanoya qapını göstərdi. Özü də klub prezidenti Santyaqo Bernabeuya istefa ərizəsini təqdim etdi. Bu iki qərardan «Real» rəhbərliyi ancaq birincini qəbul etdi. Nəticədə Di Stefano «Espanyol»a keçdi. Deyilənə görə, Munyos sonralar öz qərarına görə peşman olmuşdu.

Xəbər 919 dəfə oxundu.