«Fransa futbolunda yeni feil – zlataner»
Yayda «Milan»dan PSJ-yə keçərək, sıraladığı qollarla hazırkı Fransa çempionatının əsas simasına çevrilən isveçli forvard Zlatan İbrahimoviç klubun rəsmi saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, futbolçu müxtəlif mövzularda sualları cavablandırıb:

Fransa
«Məni Fransaya gəldiyim ilk gündən müzakirə edirlər: hara getdim, nə dedim? Diqqətə artıq adət etmişəm. Ancaq burada həddən yüksəkdi. Çalışacağam ki, fransız dilini tez öyrənim. Bu, çox gözəl dildi və çox xoşuma gəlir. Buraya gəlməzdən Fransa haqqında çox məlumatım yox idi. İndi isə Parisi pis tanımıram: Zəfər Tağı, Eyfel Qülləsi…»

I Divizion
«Fransa çempionatının böyük potensialı var. Ümid edirəm ki, birgə səylərlə onu daha yaxşı etməyə kömək edərik. I Divizion yüksək səviyyəli turnirdi və əla fiziki forma tələb edir. Lakin o, hələ inkişaf etməlidir. Bu, istənilən digər Avropa ölkəsinin çempionatına da aiddir».

Komanda yoldaşları
«Bizim hər birimizin güclü tərəfləri var və hər kəs komandaya nəsə verə bilər. Ancaq konkret kiminsə adını çəkmək lazım gəlsə, Marko Verrattini deyərdim. Onun haqqında çox eşitmişdim, lakin işdə görməmişdim. Mən İtaliyada oynayarkən o, «B» Seriyada çıxış edirdi. Buna görə də oyununu izləməyə imkan olmurdu. İndi onu hər gün görürəm və o, həqiqətən də, danışıldığı kimi, çox yaxşıdı, hətta daha yaxşıdır. Verratti əsl istedaddır. Onun kluba dəvəti çox uğurlu pul qoyuluşudur».

KİV
«Qəzet oxumuram. Amma KİV-də haqqımda çox yazıldığını bilirəm. Fransız dilində yeni feil – zlataner, ifadələr – «Zlatan kunq-fusu», «İbrakadabra» yaranıb. Hər gün təzə nəsə çıxır».

PSJ
«Mən bura PSJ ilə qalib gəlmək üçün gəlmişəm. Azarkeşləri xoşbəxt etmək istəyirəm. Axı, klub çoxdandır heç nə qazanmayıb. Onlar PSJ-nin belə əla futbolçular almalarından razı qalmalıdılar. Xatırlayın – bir neçə il əvvəl fanatlar ciddi uğurları heç arzulaya da bilmirdilər. İndi isə stadiona gəlib böyük oyunçuları olan fantastik komanda görürlər və komandanın istənilən turnirdə qələbəyə böyük şansları var».

Məqsədlər
«Hər şeyi qazanmaq istəyirəm. Liqa Kubokundan çıxmağımız məni çox məyus etdi. Lakin olan olub. 3 turnirdə mükafat uğrunda mübarizəmizi davam etdiririk: çempionat, Fransa Kuboku və Çempionlar Liqası».

Kuklalar
«Bəli, özümü «Kuklalar» proqramının buraxılışlarından birində görmüşəm: mənim personajım Ceym Bondu yıxır. Baxıb güldüm. Bunu bir kompliment sayıram. Mənə izah ediblər ki, «Kuklalar»da ancaq ən məşhur və populyar insanlar peyda olur. Ona görə də sevinirəm ki, indi mənim də kuklam var.

İddialar
«Həmiqə əvvəlki mövsümdəkindən çox qol vurmaq istəyirəm. Heç vaxt özümdən tam razı olmuram. Həmişə daha çoxunu istəyirəm. Əgər iddialarını itirmisən və inkişaf etmirsənsə, evdə oturmağın yaxşı olar, meydana çıxmağın yox».

Rəqabət
«Düşünmürəm ki, komanda yoldaşlarım mənimlə qərabətdən qorxurlar. Onlar peşəkarlardılar. Özümün «Yuventus»a gəlməyimi xatırlayıram. Yanımda Türamı, Vieyranı, Nedvedi, Del Pyeronu, Trezegeni gördüm. Heç kəs mənə hazır heç nə gətirməyib. Çox zəhmət çəkmək lazım gəldi ki, onlarla rəqabət apara bilim. Axı, onlar əsl ulduzlar idilər. Mənsə gənc istedad idim. Məni bu qorxutmurdu. Bilirdim ki, nəyə qadir olduğumu göstərməliyəm. Əgər qorxursansa, heç vaxt top-oyunçu olmayacaqsan və ancaq öz bağçanda oynaya bilərsən».

Azarkeşlərlə tanışlıq
«Həyatım boyu Trokadero meydanında fransalı fanatlar üçün təqdimatı unutmayacağam. Çox insan toplaşmışdı və ab-havada fantastik idi. Sonra biz klubun dükanına getdik. Orada ağlasığmaz bir vəziyyət idi. Hər kəs mənə toxunmaq istəyirdi, paltarımdan, əllərimdən, saçımdan dartırdılar. Əla anlar yaşadım».

İsveç
«Bu mənim ölkəmdi. İsveçdə anadan olmuşam və bununla fəxr edirəm. Yığmamızda kapitan sarğısını daşımaq mənim üçün böyük şərəfdir. Daha yaxşı nəyin olmasını təsəvvür edə bilmirəm. Biz kiçik millətik. Əgər Avropa futbolunun ağırçəkililəri ilə müqayisə etsək, ötən Avropa çempionatında Fransa üzərində qələbəmizi qeyd etmək olar. Bu da futbolda hər şeyin mümkün olmasına bir sübutdur».

Döyüş sənəti
«Öz hərəkətliyimlə döyüş sənətinə borcluyam. Onunla gəncliyimdə məşğul olmuşam. Xüsusən də taekvondo ilə. Orada ayaq zərbələri çox işlənir. Mən həmişə döyüş sənətlərini sevmişəm. Brüs Linin iştirakı ilə çox filmlərə baxmışam. Vaxtaşırı meydanda hansısa akrobatik hərəkətlər etmək istəyirəm. Hərdən onlar alınır, hərdən yox. «Sent Etyen»in qapıçısı ilə toqquşmamı xatırlayın. Bu, qəsdən edilən kobudluq deyildi. Baxmayaraq ki, kənardan məhz belə görünürdü. Lakin mən yenə də özümə və öz üslubuma sadiq qalacağam».

Xəbər 1466 dəfə oxundu.