“Xəzər Lənkəran” daha iki futbolçusuna qapını göstərə bilər
Kamal Bayramovla yollarını ayıran “Xəzər Lənkəran” daha iki futbolçusuna qapını göstərə bilər. Hər iki oyunçunun legioner olacağı deyilir.
Belə ki, Lənkəran klubunun Vanderson Skarduelli və Radomir Todorovla yollarını ayırması gözlənilir. Baş məşqçi Karles Bakes onların xidmətində maraqlı deyil.
Qeyd edək ki, Radomir Todorov “Xəzər Lənkəran”a ötən qışda gəlib. Bolqar futbolçu “ağ-yaşıl” formanı 30 dəfə geyinib və 4 sarı vərəqə alıb. Lənkəran klubuna Bolqarıstanın “Spartak” (Varna) komandasından keçən Todorov 2007-2010-cu illərdə “Xəzər Lənkəran”da, 2011-də “Bakı”da forma geyinib.
Braziliyalı Vanderson Skarduelli isə “Xəzər Lənkəran”a bu yay Yunanıstanın “PAS Giannina” klubundan gəlib. Lənkəran klubunda 12 oyunda forma şansı qazanan müdafiəçi 2 sarı vərəqə alıb. O, əvvəllər Braziliyanın “Korintians”, “İtuano”, “San Bento”, “Kampo Qrande”, İtaliyanın isə “Siena”, “Martina” və “Treviso” klublarında çıxış edib.

Xəbər 907 dəfə oxundu.