Məzahir Süleymanzadənin 60 illik yubileyi qeyd edildi
Dekabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində ölkəmizin idman mətbuatının inkişafı sahəsində xidmətləri olan tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini, Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadənin 60 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
Tədbir Azərbaycan Mətbuat Şurası və “Dialoq Avrasiya Platforması”nın Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib. Mərasimi ön sözləri açan Mətbuat Şurasının sədri Əflatun Amaşov Məzahir Süleymanzadənin imzasının jurnalistlərə, oxuculara və ictimaiyyətə çox yaxın olduğunu vurğuladı. «Məzahir müəllimin tərcümeyi-halına diqqət yetirəndə, sanki onun bir jurnalist kimi doğulduğunu düşünürsən. O, mindən çox kiçik hekayədən tutmuş oçerkə qədər materialların müəllifidir. Məzahir müəllim nə qədər jurnalistikaya bağlıdır, bir o qədər də idmana bağlıdır. Ən əsası isə onun XX əsrin sonlarında Azərbaycanın çox keşməkeşli anlarının xarici dövlətlərə çatdırılmasında çox böyük xidmətləri olub» - deyə Mətbuat Şurasının sədri qeyd etdi.
“Dialoq Avrasiya Platforması”nın Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Saatçı da Məzahir Süleymanzadənin idman jurnalistikası sahəsində əmək fəaliyyətindən geniş söhbət açaraq, onun gördüyü bütün işlərə görə mükafatlandırmağı vacib saydı.
Məzahir Süleymanzadənin tədbirdə iştirak edən qələm yoldaşları yubiley münasibətilə səbəbkarı ürəkdən təbrik etdilər. Onu gözəl jurnalist olmaqla yanaşı, gözəl insan kimi xarakterizə etdilər. Həmkarları bu illər ərzində onun keçdiyi keşməkeşli həyat yolundan geniş söhbət açaraq, idman jurnalistikasının inkişafında əməli rolu olduğunu vurğulayaraq, yaradıcılığında daha yüksək nailiyyətlər arzuladılar.
Mərasimdə M.Süleymanzadənin 1990-cı illərin əvvəllərində əmək fəaliyyətinin ən yüksək məqamı olduğu qeyd olundu. Bu illərdə xalqımızın başına gətirilən qanlı hadisələri bacarıqla qələmə alan Süleymanzadə əsl həqiqətləri çox peşəkarcasına ictimaiyyətə çatdıra bilib və jurnalistika sahəsinə öz imzasını təsdiqləyib. O illərdə Məzahir Süleymanzadənin nəşr etdirdiyi və baş redaktoru olduğu “Səhər” qəzeti Azərbaycan mətbuat tarixində ən tirajlı mətbu orqanlardan biri olub. “Səhər” qəzeti çox ağır məsuliyyəti boynuna götürərək, 1990-1993-cü illərdə Azərbaycan xalqının ən çətin günlərində xalqa doğru yolu göstərməyi çox məharətlə bacarıb. O illərə dönə bilsəydik, bunun heç də asan bir iş olmadığını əyani görə bilərik.
Məzahir Süleymanzadə Mətbuat Şurası və “Dialoq Avrasiya Platforması”nın birgə hazırladığı “Həqiqətə xidmətlərinə görə” mükafatı ilə təltif olundu. Ona yubileyi münasibətilə qeyri-hökumət təşkilatları tərəfindən diplomlar təqdim edildi.


Xəbər 3179 dəfə oxundu.