Vilanova əməliyyat masasında
«Barselona»nın baş məşqçisi Tita Vilanova öz vəzifəsini ən azı bir neçə ay icra edə bilməyəcək. Mütəxəssis srağagün sonu cərrah masasına uzanıb. Buna səbəb onda xərçəng xəstəliyinin olmasıdı. Bu səbəbdən klub bir sıra rəsmi tədbirləri də təxirə salıb. İlk öncə klub prezidenti Sandro Rosselin çərşənbə gününə təyin edilən mətbuat konfransı təxirə salındı.

İdman.com.az saytının məlumatına görə, Vilanova əməliyyatdan sonra xəstəxanada 3-4 gün yatacaq. Daha sonra o, 6 həftə ərzində kimyəvi terapiya və radioşüalar proseduru keçəcək.
«Real» da belə vəziyyətdə rəqabəti unudub «Barselona»nın baş məşqçisinə dəstək verib və «Kral klubu»ndan məşqçiyə tezliklə sağalıb vəzifəsinə qayıtmağı arzulayıblar.

Vilanovanın xəstəliyi ilk dəfə hələ Quardolanın köməkçisi olduğu vaxt – ötən ilin noyabrında üzə çıxmışdı. Həmin ayın 22-də o, əməliyyat olunmuşdu. 15 gün sonra isə işinə qayıtmış və dekabrın 11-də «Real»la oyunda ehtiyat oyunçular skamyasına əyləşmişdi. Mayda müayinə edən aparan həkimlərin diaqnozu məşqçinin tamamilə sağlam olduğunu təsdiqləmişdi. İyunda «Barselona»nın sükanına keçən Vilanova klubla 2 illik müqavilə imzalamışdı.

«Göy-qırmızılar» indi yeni məşqçi axtarışına çıxıb. Hələliksə, bu ilə qalan yeganə oyuna – dekabrın 22-də «Valyadolid»lə matça komandanı baş məşqçinin köməkçisi Jordi Roura çıxaracaq. Elə Vilanovanın müalicə dövrü boyu da «Barselona» ilə Roura işləyəcək.

Xəbər 1009 dəfə oxundu.